Qan Turalı yazır...
Əbu-Dabi görüşü haqda yazmağa başlayarkən yadıma tarix, siyasi nəzəriyyələr, müxtəlif mövqelər və yanaşmalar, siyasətçilərin və diplomatların açıqlamaları, analitiklərin şərhləri yox, Səməd Vurğunun "Azərbaycan" şeiri düşür.
Doğrudan da, tariximiz nəhs aylardan, nəhs illərdən ibarətdir. Əlbəttə ki, bu tarixin şərəfli, qürur və cəsarətlə dolu səhifələri də az deyil. Ancaq şairin dediyi kimi, xalqımızın tarixində acı və ağrı ilə dolu, qanla yazılan səhifələr də kifayət qədərdir.
Çox da uzağa getməyək, ötən əsrin əvvəlindən başlayan soyqırımlar, repressiyalar, deportasiyalar... Bu kontekstdə şairin yazdığı "Oğlun, qızın bəxtiyardır" cümləsi də absurd görünür. Bəlkə də, şair absurd görünən misranı əvvəlki misralardakı həqiqəti ifadə etmək üçün qələmə almışdı.
Bu mənada 44 günlük müharibə Azərbaycan xalqının ruhunun intibahı, mənəvi yüksəlişinin açarıdır. Bununla da uğursuz tarixin çarxları tərsinə dövran etməyə başladı. İşığı, ədaləti azalan dünyanın Azərbaycan adlı hissəsi işıqlandı, nurlandı.

Erməni tərəfinin müharibəyəqədərki planı son dərəcə bəsit idi. Yeddi rayon Azərbaycana qaytarılır və Dağlıq Qarabağın statusu referendumla həll edilirdi. Bununla da Azərbaycan öz ərazisindəki erməni dövlətinin yaranmasına yaşıl işıq yandırmalı idi. Onlar buna inanırdılar, ya da inanmaq istəyirdilər. Ancaq Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu əvvəlcə yeddi rayonu və Şuşanı işğaldan azad etməklə ermənilərin bizi kompromisə cəlb etmək kartları əlindən alındı. Birgünlük antiterror əməliyyatı ilə separatizmin bütün qalıqları təmizləndi və qondarma rejim özünü buraxdığını elan etdi. İndi onun qalıqları İrəvanda sosial tələblərlə aksiya keçirdir. Son onilliklərdə dünyanın heç bir yerində ədalət bu qədər görkəmli bir zəfər çalmamışdı.
Azərbaycan Əbu-Dabi masasına müzəffər bir əda ilə oturdu. Qarşı tərəfin isə əlində heç bir arqument qalmayıb. Çünki onlar işğal prosesini uzatmaqda maraqlı idilər. Onların hökumət rəhbəri isə beynəlxalq hüquqa meydan oxuyaraq "Qarabağ Ermənistandır" deyirdi. Nə bu, nə də əvvəlki hökumətlər heç bir güzəştə getmirdi, sülh sözü onların leksikonundan çıxarılmışdı. Onlar faktiki olaraq sülh üçün heç bir addım atmamışdılar. Hətta, onların indi həbsdə olan müdafiə naziri yeni ərazilər işğal etmək haqqında da boşboğazlıq edirdi. Buna görə də danışıqlar masasında onlar son dərəcə zəif və məzlum görünürlər.
Hazırkı şəraitdə isə sülh üçün münbit şərait yaranıb. Azərbaycan öz ərazilərini BMT nizamnaməsinin ona verdiyi hüquqla işğaldan azad edib. İndi isə haqlı olaraq sülh şərtlərini diktə edir. Ancaq Azərbaycanın şərtləri Ermənistanı xəritədən silməyə hesablanmayıb. Bu bizim alicənablığımız, ali və bəşəri dəyərlərə olan hörmətimizin ifadəsidir.
Cənubi Qafqazda möhkəm və dayanıqlı sülh yaratmaq, onu qorumaq Azərbaycan dövlətinin səyləri nəticəsində mümkün olacaq. Ermənistan da bunu başa düşür və eyforiya yuxusundan ayılaraq sülh üçün gərəkli addımları atmağa hazırlaşır. Vasitəçi olmadan birbaşa görüşlərin keçirilməsi, Cənubi Qafqazın problemlərinin uzaq paytaxtlarda yox məhz burada, Cənubi Qafqazda həll edilməsi barədə razılıq xüsusi əhəmiyyət daşıyır. Eləcə də qarşılıqlı etimad yaradan addımların atılması barədə razılaşma da sülh yolunda mühüm mərhələlərdən biridir. Göründüyü kimi, Azərbaycan təkcə hərb meydanında yox diplomatiya masasında da qalib ölkədir.
Sülh isə təkcə Azərbaycana, Ermənistana yox eləcə də Qafqaza, əslində isə bütün dünyaya lazımdır. Oğlun da, qızın da bəxtiyarlığı bundan asılıdır.