Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
"Azərbaycan Macarıstanı Avropa İttifaqında özünün ən yaxın tərəfdaşı hesab edir".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu yaxınlarda Budapeştə səfəri zamanı "Magyar Nemzet" ("Macar xalqı") qəzetinə müsahibəsində deyib.
Söhbət zamanı Macarıstan-Azərbaycan əməkdaşlığı, Macarıstanın Aİ-yə sədrliyi, eləcə də Bakı ilə İrəvan arasında sülh sazişinin perspektivləri müzakirə olunub.
- "Macarıstan Avropa İttifaqında bizim bir nömrəli tərəfdaşımızdır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev hələ iyun ayında bildirmişdi. Macarıstan-Azərbaycan münasibətlərini necə görürsünüz?
- Düşünürəm ki, hamımız Azərbaycanın Macarıstanı Avropa İttifaqında özünün ən yaxın tərəfdaşı hesab etməsi bəyanatı ilə razıyıq. Bu münasibətlərin artıq otuz ildən çox yaşı var və ölkələrimiz arasında yaxınlığın arxasında bir neçə amil dayanır. Bizi qarşılıqlı hörmət və maraqlara əsaslanan qohumluq və dostluq hissi birləşdirir. Bütün bunlar həm də bizim ikitərəfli münasibətlərimizin niyə bu qədər yaxşı olduğunu izah edir və eyni şeyi Avropa İttifaqı, NATO və Türk Dövlətləri Təşkilatı daxil olmaqla, beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı anlaşmamız haqqında da demək olar. İldən-ilə əlaqələrimizi genişləndiririk ki, bu da yeni sahələri əhatə edir. Hər şey enerji sahəsində əməkdaşlıqdan başladı, Macarıstan-Azərbaycan əlaqələrinin spektri isə təhsil və parlamentlərarası dialoq da daxil olmaqla, genişlənməyə davam edir. Digər mühüm amil liderlərimiz, Baş nazir Viktor Orban və Prezident İlham Əliyev arasında mükəmməl şəxsi münasibətlərdir. Bu, zamanın sınağından çıxmış dəyərli münasibətlərdir.
- Siz son vaxtlar, xüsusilə sıxlaşan enerji əməkdaşlığını qeyd etdiniz: Azərbaycan qazı Macarıstana daxil olur, MVM qrupu isə Azərbaycanın enerji sistemində ortaq mülkiyyətçi kimi iştirak edir.
- Elədir ki var, Macarıstan-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərindən biri enerjidir. MVM qrupu dünyada ən böyük qaz yataqlarından biri olan "Şahdəniz"də strateji pay əldə edib ki, bu da qarşılıqlı fəaliyyətin miqyasından xəbər verir. Enerjidən danışdıqda gəlin karbohidrogenlərlə məhdudlaşmayaq. Azərbaycan və Macarıstan Rumıniya və Gürcüstanla Qara dənizin dibi ilə elektrik ötürücü xətləri layihəsi üzərində işləyir. Beləliklə, biz təkcə mədən yanacaqları və karbohidrogenləri deyil, həmçinin yaşıl, təmiz enerjini də ixrac etməyə çalışırıq. Layihə ölkələrimizin ənənəvi enerji mənbələrindən bərpaolunan mənbələrə keçid öhdəliyi ilə sıx əlaqəlidir. Azərbaycanın bərpaolunan enerji mənbələri, o cümlədən Günəş, külək və su enerjisi sahəsində çox ciddi potensialı var ki, bu da gələcək əməkdaşlığımız üçün yeni perspektivlər açır. Biz, həmçinin, bərpaolunan enerjinin Avropa bazarına ixracı imkanları üzərində birgə işlədiyimiz Qazaxıstan və Özbəkistanla da müzakirələr aparırıq. Avropadan Bolqarıstan ciddi maraq göstərdi.
- Yazda xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, bir neçə ildən sonra Azərbaycanın bərpaolunan enerjisi Macarıstanın enerji balansının bir hissəsinə çevriləcək. COP29 iqlim sammiti bu həftə Bakıda öz işinə başlayıb. Azərbaycan iqlim dəyişikliyi probleminin həllinə necə töhfə verə bilər?
- Azərbaycan BMT-nin ən böyük tədbirinə - noyabrın 11-dən 22-dək təxminən iki həftə davam edəcək Qlobal İqlim Sammitinə ev sahibliyi edir. Məqsədimiz uzun illər əvvəl başlayan danışıqları davam etdirmək, müxtəlif ölkələrdən olan qruplar arasında fikir ayrılıqlarını aradan qaldırmaq və iqlim dəyişikliyinin yaratdığı fəsadların öhdəsindən gəlmək üçün inkişaf etməkdə olan ölkələrə veriləcək yardımın məbləği barədə razılığa gəlməkdir. Bu rol Azərbaycan üçün xüsusilə vacibdir, çünki ölkə ənənəvi olaraq mədən yanacağı istehsalçısı və ixracatçısı kimi tanınır, lakin hökumət qlobal iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfənin vacibliyini tam şəkildə dərk edir.
- Avropa mövzusunda qalaq: Macarıstanın Aİ-yə növbəti sədrliyi Azərbaycanı Avropa regionuna yaxınlaşdırıbmı?
- Biz Macarıstanın Avropa İttifaqına sədrliyini yüksək qiymətləndiririk. Macarıstan Azərbaycanın Aİ-də ən yaxın tərəfdaşlarından biridir, Aİ isə ölkəmizin strateji tərəfdaşıdır və təbii ki, məqsədimiz Macarıstanın sədrlik etdiyi Aİ ilə əlaqələrimizi daha da inkişaf etdirmək idi. 2022-ci ildə biz Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzaladıq ki, buna hər iki tərəf əməl edir və Azərbaycanın təbii qaz idxalının artırılmasını nəzərdə tutur. Bu, yalnız bir istiqamətdir, lakin biz digər sahələrdə də Aİ ilə əlaqələrimizi şaxələndirməyə çalışırıq. Coğrafi baxımdan bizim yerləşdiyimiz mövqe çox stratejidir, Cənubi Qafqaz - əsas elementdir, Asiyanı Avropa ilə birləşdirən dəhlizin qovşağıdır. Orta Dəhliz - Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Çindən Avropaya gedən yoldur. Beləliklə, bəli, Macarıstan-Azərbaycan arasındakı sıx münasibətlər vasitəsilə biz çalışırıq ki, Azərbaycanın səsi Aİ-də, xüsusən də bütün Cənubi Qafqaz regionunda gedən proseslərlə bağlı daha yaxşı eşidilsin. Biz, həmçinin, Macarıstanın regionumuzda sabitliyi möhkəmləndirmək və sülhü dəstəkləmək səylərini alqışlayırıq. Fürsətdən istifadə edərək, icazə verin Macarıstanı çox böyük beynəlxalq tədbirə - Avropa Siyasi Birliyinin sammitinə uğurla ev sahibliyi etməsi münasibətilə təbrik edim.
- Doğrudanmı Budapeştə qırxdan çox ölkənin prezidentləri və baş nazirləri gəliblər? Halbuki, bundan əvvəl Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçirilmişdi. İyulda Prezident İlham Əliyev TDT-nin beynəlxalq qüvvəyə çevrilməsinin zəruriliyindən danışmışdı. Bu təşkilatın təsirini artırmaq üçün hansı planlarınız var?
- Yarandığı gündən təşkilat gözümüzün qarşısında mühüm beynəlxalq oyunçuya çevrilir. İlham Əliyev bu ilin əvvəlində keçirilən prezident seçkisində yenidən dövlət başçısı seçildi və andiçmə mərasimindəki çıxışında bildirdi ki, Azərbaycan TDT ilə əlaqəli ölkələri öz ailəsi hesab edir. Beləliklə, TDT ölkələri ilə əlaqələr bizim xarici siyasətimizin prioritetini təşkil edir. Biz əminik ki, TDT təkcə iqtisadiyyat, mədəniyyət və dil sahəsində deyil, həm də kommersiya, iqtisadi, nəqliyyat və digər potensialın təşviqində də böyük imkanlara malikdir. Mərkəzi Asiya və Qafqaz Asiya ilə Avropa arasındakı əlaqələrdə iki əsas regiondur. Macarıstan təşkilatda müşahidəçi ölkədir, biz onu böyük gələcəyi olan böyük bir ailənin bir hissəsi hesab edirik.
- Avqust ayında Azərbaycan BRICS ölkələri qrupuna daxil olduğunu elan etdi. Sizin fikrinizcə, üzvlük Azərbaycanla Qərb arasındakı münasibətlərə necə təsir edə bilər?
- BRICS-ə niyə qoşulmaq istədiyimizi başa düşmək üçün xatırlamaq lazımdır ki, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra biz müxtəlif ölçü və istiqamətlərə malik çoxvektorlu xarici siyasət yürüdürük. Biz Qərb dövlətləri ilə yaxşı münasibətlər saxlayırıq, lakin bu o demək deyil ki, biz Şərq ölkələri və digər regionlarla eyni şeyi edə bilmərik. BRICS-ə qoşulmaq niyyətimiz xarici siyasətimizin şaxələndirilməsinin daha bir elementidir. Biz əsas milli maraqlarımıza cavab verdiyinə inandığımız istənilən regional qruplaşma ilə sıx şəkildə əməkdaşlıq etməyə hazırıq. Ona görə də BRICS ilə yaxın münasibətlər və ya BRICS-ə üzvlük Qərb ölkələri ilə münasibətlərimizin zəifləməsi kimi şərh edilməməlidir.
- Ermənistanla danışıqlar keçən ilin payızından kiçik fasilələrlə davam edir. Sentyabrda Peter Siyarto bəyan etdi ki, sülh müqaviləsi, ola bilsin ki, Budapeştdə imzalanacaq. Yaxın gələcəkdə iki ölkə arasında vəziyyətin nizamlanması üçün şans görürsünüzmü?
- İlk növbədə, Macarıstana sülh gündəliyinə və son vaxtlar sülh prosesində müşahidə etdiyimiz müsbət irəliləyişlərə dəstəyinə görə təşəkkür etmək istərdim. Sülh sazişinin imzalanması üçün ilk növbədə onun mətni üzərində işi tamamlamaq lazımdır və mətndə hələ də açıq qalan bəzi məsələlər üzrə razılığa gəlmək perspektivlərini müsbət qiymətləndiririk. Sülh prosesinin uğurla başa çatmasının əsas maneəsi Ermənistanın konstitusiyasında təsbit olunmuş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Sülhün davamlılığı və dönməzliyi üçün Ermənistan öz əsas qanununa müvafiq düzəlişlər etməli, Azərbaycanın Qarabağ bölgəsinə iddialarını birdəfəlik istisna etməlidir. Axı münaqişənin ilk günündən onun əsas səbəbi Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları olub. Beləliklə, hətta sülh müqaviləsinin mətnini razılaşdırmaq mümkün olsa belə, Ermənistanın hüquqi və konstitusion bazası da ona uyğunlaşdırılmalıdır ki, sülh sazişi təkcə indiki deyil, həm də Ermənistanın gələcək hökumətlərini yaşaya bilsin. Bu gün, həqiqətən, razılaşmaya nail olmaq üçün çox yaxşı şanslar var, lakin "top" düzgün qərar qəbul etməli olan Ermənistan tərəfindədir.
- Danışıqların əsas məqamlarından biri Zəngəzur dəhlizidir. Sizcə, belə bir dəhlizin yaradılması regionda yeni münaqişəyə səbəb ola bilərmi?
- Zəngəzur dəhlizinin açılması Azərbaycanın bütün tərəflər üçün faydalı hesab etdiyi bir layihədir. Bu, bizim üçün vacibdir, çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaranır. Ermənistan üçün isə bu, onun regiondakı təcridinin sona çatması deməkdir. İrəvan daha geniş regionda iqtisadi əməkdaşlığa qoşula biləcək. Zəngəzur dəhlizi, həmçinin, yuxarıda qeyd olunan, Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin alternativ marşrutudur, ona görə də region ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. Türkiyə konkret olaraq Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir və Rusiya öz marağını ifadə edib. Əminəm ki, dəhlizin açılması İranın da maraqlarına uyğundur, ona görə də düşünmürəm ki, Zəngəzur dəhlizi yeni müharibəyə səbəb ola bilər. Əksinə, bu, Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı genişləndirməyə imkan verərdi ki, bu da etimadın möhkəmləndirilməsinin mühüm amili olardı.
- Orta Dəhliz baxımından Zəngəzur dəhlizi nə dərəcədə vacibdir?
- Zəngəzur dəhlizi artıq fəaliyyət göstərən və dəmir yolu komponenti baxımından bu gün Bakı-Tbilisi-Qars marşrutu üzrə keçən Orta Dəhlizin alternativ marşrutu ola bilər. Bu yaxınlarda Azərbaycan bu dəmir yolunda daşımaların buraxılış qabiliyyətini ildə bir milyon tondan beş milyon tona qədər artırıb. Lakin regionumuzda yaranmış geosiyasi reallıqlar və davam edən münaqişələr səbəbindən Orta Dəhlizin buraxılış qabiliyyətinə tələbat daha yüksəkdir.
- Macarıstanın köməyi ilə Soltanlı yaşayış məntəqəsinin bərpasına başlanmasından təxminən bir il keçir. Bu qəsəbədə və keçmiş Qarabağın digər ərazilərində işlər necə gedir?
- Soltanlı 44 günlük müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bir hissəsi olan Cəbrayıl rayonundakı yaşayış məntəqəsidir. Azad edilmiş torpaqlar ölkə ərazisinin təxminən iyirmi faizini təşkil edir və bu gün orada genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Geri alınmış regionlara həyatı qaytarmaq üçün Azərbaycan hökuməti böyük resurslar sərf edir. Biz şadıq ki, Macarıstan da bu prosesdə, yəni təxminən 30 il ərzində tamamilə dağıdılmış torpaqların bərpası və reabilitasiyasında iştirak edir. Fürsətdən istifadə edərək, Macarıstan hökumətinə Soltanlıda ümumtəhsil məktəbi tikmək və hədiyyə etmək niyyətinə görə bir daha səmimi təşəkkürümü bildirmək istərdim. Təhsil ümumilikdə Azərbaycan-Macarıstan əməkdaşlığının çox mühüm sahəsidir, "Stipendium Hungaricum" təqaüd proqramı gənclərimiz arasında böyük populyarlıq qazanıb. Bu yaxınlarda Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti də azərbaycanlı tələbələrin kənd təsərrüfatı sahəsində müxtəlif peşə hazırlığı kurslarında iştirak edə biləcəyi proqram elan edib.
- Qarabağla bağlı perspektivlər necədir?
- İlk növbədə, yenidənqurma və bərpa ilə yanaşı, ən əsas vəzifələrdən biri təxminən səkkiz yüz min azərbaycanlı məcburi köçkünün öz torpaqlarına qayıtması üçün şərait yaratmaqdır. Bunun üçün ilk növbədə ərazini çoxlu sayda mina və partlamamış sursatlardan təmizləmək lazımdır. Bu bizim ən ciddi çağırışımızdır: münaqişə dövründə Ermənistan bu rayonlarda bir milyon yarımdan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından dörd il keçir və bütün bu müddət ərzində biz mina və partlamamış sursatlarla çirklənmiş ərazilərin cəmi 14 faizini təmizləyə bilmişik. Hazırda təxminən 9 000 nəfər öz evinə qayıdıb, lakin hələ qarşıda nəhəng iş durur. Təəssüf ki, Qarabağ və onun ətrafındakı ərazilər tamamilə dağıdılıb, şəhər və kəndləri sıfırdan bərpa etmək lazımdır. Minatəmizləmə, xüsusilə ona görə vacibdir ki, söhbət insan həyatından gedir. Atəşkəs sazişinin imzalanmasından sonra 381 nəfər mina qurbanı olub. Fürsətdən istifadə edərək, Macarıstana bu məsələdə də köməyinə görə təşəkkür etmək istərdim. Bərpa olunan regionlarda həm daxili, həm də xarici turizmə yönəlmiş turizm infrastrukturu da sıfırdan yaradılır. Qarabağa artıq ölkəmizin vətəndaşları böyük sayda gedir ki, işğaldan azad edilmiş və küldən bərpa olunan regionlara baxsınlar.
"Elçin Əmirbəyov" teqi üzrə xəbərlər
- Azərbaycanın Ermənistanla sülhə gedən yolu
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- Elçin Əmirbəyov: "Fransa münasibətlərimizin gərginləşməsinə birbaşa məsuliyyət daşıyır"
- Elçin Əmirbəyov Macarıstanın "Hir" telekanalına müsahibə verib
- Elçin Əmirbəyov Macarıstanda görüşlər keçirib