"Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız hansı təşkilata üzv olması ilə deyil, həmin təşkilatlarda öz milli maraqlarını nə dərəcədə təmin etməsi ilə ölçülür. Azərbaycan bu baxımdan özünəməxsus siyasi xəttə malikdir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir, lakin heç vaxt müstəqil qərarvermə hüququnu və milli maraqlarını güzəştə getmir:

"Oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclası da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın 2027-ci ildə təşkilatda həmsədrliyi, 2028-ci ildə isə sədrliyi öz üzərinə götürməsi ölkəmizin çoxtərəfli diplomatiyasında yeni imkanlar açacaq. Burada diqqət çəkən əsas məqam Azərbaycanın MDB məkanında artıq yalnız iştirakçı deyil, regional proseslərə təsir imkanları olan güclü dövlət kimi çıxış etməsidir. Vaxtilə əraziləri işğal altında olan Azərbaycan bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionda yeni siyasi və iqtisadi reallıqlar yaratmış ölkədir. Bu, həm də Azərbaycanın beynəlxalq platformalardakı mövqeyinə əlavə siyasi çəki qazandırır. Digər mühüm məsələ nəqliyyat və kommunikasiya əlaqələridir".
Deputatın sözlərinə görə, MDB-də 2029-cu ilin "Nəqliyyat bağlılığı ili" elan edilməsi təşəbbüsü Azərbaycanın strateji maraqları ilə üst-üstə düşür:
"Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərində ölkəmizin artan rolu artıq coğrafi üstünlükdən daha çox, siyasi və iqtisadi üstünlüyə çevrilib. Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi də sadəcə növbəti rotasiya kimi qiymətləndirilməməlidir. Bu, ölkəmizin iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və regional təhlükəsizlik məsələlərində öz təşəbbüslərini daha geniş müstəvidə irəli sürməsi üçün əlavə fürsətdir. Əslində, Prezident İlham Əliyevin xarici siyasətinin uğur formulu kifayət qədər aydındır: bütün tərəflərlə əməkdaşlıq etmək, lakin heç bir tərəfdən asılı vəziyyətə düşməmək. Azərbaycan beynəlxalq təşkilatlarda iştirakını məqsədə deyil, milli maraqlarına xidmət edən vasitəyə çevirib. Məhz bu siyasi xətt ölkəmizi regionda proseslərin müşahidəçisindən onların fəal iştirakçısına və təşəbbüskarına çevirib".