“Yaxın günlərdə Azərbaycandan Rusiya Federasiyasına quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixrac olunmasına başlanacaq”.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə birlikdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Laboratoriyalarına baxış keçirildikdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Q.Təhməzli vurğulayıb ki, bu, ölkəmizdə qida təhlükəsizliyi nəzarəti sisteminin sənaye quşçuluğu sahəsində də beynəlxalq standartlara uyğun qurulduğunu deməyə əsas verir.
“Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert isə jurnalistlərə açıqlamasında AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu vurğulayıb. Eyni zamanda müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını önə çəkib.