Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Ufada keçiriləcək forumda Hindistan, Pakistan və İrandan “ən yüksək səviyyədə” iştirak gözləyir.
Oxu.Az xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Dmitri Mezentsev TASS müxbirinin sualına cavab verərkən deyib. O, bu gün təşkilatın mətbuat klubunun ikinci iclasında çıxış edib.
Mezentsev xatırladıb ki, ŞƏT-də tamhüquqlu üzvlük üçün müraciət etmiş Hindistan, Pakistan və İranla yanaşı, artıq bir neçə dövlət müşahidəçi və dialoq üzrə tərəfdaş statusu almaq üçün çalışır. Belə ki, müşahidəçi statusu almaq üçün Suriya, Belarus, Ermənistan, Azərbaycan və Banqladeş müraciət edib.
“Bu yaxınlarda biz Maldiv Respublikasının xarici işlər nazirindən dialoq üzrə tərəfdaş statusunun alınması ilə bağlı müraciət almışıq”,- deyə Mezentsev bildirib.
Onun sözlərinə görə, bu cür müraciət həmçinin Nepaldan da daxil olub.
Mezentsev deyib ki, bu cür müraciətlər təşkilat üçün olduqca vacibdir.
“Bu, təşkilatın nüfuza malik olması və regionda təsirinin olmasının göstəricisidir”, deyən baş katib ŞƏT-i “unikal beynəlxalq təşkilat” adlandırıb.
Qeyd edək ki, ŞƏT-in Ufadakı sammiti cari ilin 8-10 iyul tarixində keçiriləcək.