Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan və İran beynəlxalq terrorçuluqla mübarizəni müzakirə edib
İranın Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.
DSX-nin Aparatında general-mayor Qasım Rzayinin təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq, İranın Sərhəd Qoşunlarının komandanı “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazıb.
Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə Azərbaycan və İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, narkotiklərin qaçaqmalçılığı, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, qadağan olunan malların daşınması və sərhəd təhlükəsizliyinə digər təhdidlərlə mübarizə sahəsində əməkdaşlığın vəziyyəti nəzərdən keçirilib.
DSX rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhəd təhlükəsizliyinə göstərilən ali dövlət qayğısı sayəsində bu gün ölkə sərhədlərinin mühafizəsinin yüksək səviyyədə təmin olunması, sərhəd infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilən islahatlar və tədbirlər haqqında məlumat verib.
Qeyd olunub ki, Ermənistanın Azərbaycanın 20% ərazisini, o cümlədən Azərbaycan-Ermənistan və Azərbaycan-İran dövlət sərhədinin bir hissəsini işğal altında saxlamaqda davam etməsi sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalmaqdadır.
Nümayəndə heyətləri ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, Azərbaycan və İran sərhəd qurumları arasında mövcud əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar.
Azərbaycan Respublikası və İran İslam Respublikasının iştirakı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu layihələri çərçivəsində “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti, iki dövlət arasında iqtisadi əlaqələrin genişləndirilməsi, daşıma imkanlarının təkmilləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd nəzarətinin sürətləndirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilmiş tədbirlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər “18 noyabr 2010-cu il tarixli Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Sazişə əlavə Xəzər dənizində sərhəd qurumlarının əməkdaşlığı və qarşılıqlı fəaliyyəti haqqında Protokol”un icrasından irəli gələn məsələlər, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət və digər aidiyyəti istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə ediblər.
Oxu.Az yeniləndi!