Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.
Bildirilib ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması məsələləri müzakirə edilib.
Nazirlər Azərbaycan-Niderland münasibətlərinin inkişafına dair 2026-2028-ci illər üzrə Yol Xəritəsinin qəbul edilməsini ikitərəfli əməkdaşlığın irəlilədilməsi baxımından mühüm çərçivə sənədi kimi qiymətləndiriblər.
Həmçinin yüksəksəviyyəli təmasların, müntəzəm siyasi məsləhətləşmələrin və işgüzar dairələr arasında daha sıx əlaqələrin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionda baş verən proseslər və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi də diqqət mərkəzində olub.
Nazir Ceyhun Bayramov niderlandlı həmkarına sülh prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, eləcə də minaların yaratdığı davamlı humanitar təhlükə barədə məlumat verib.
Tərəflər ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyiblər.