Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və paytaxtımızda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, təkbətək və geniş tərkibdə görüşlər zamanı nazirlər ikitərəfli əməkdaşlığın mühüm məsələlərini, aktual regional məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə qeyd edib ki, türkiyəli həmkarına münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin gedişi barədə məlumat verib.
“Türkiyə böyük regional oyunçu və Minsk qrupunun üzvü kimi, danışıqların gedişindən xəbərdar olmalıdır. Danışıqların intensivləşdirilməsi bizə bu məsələ ilə bağlı razılıq əldə olunacağına dair əsas verir. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir”, - deyə E.Məmmədyarov bildirib.
O, həmçinin görüş zamanı iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivlərinin müzakirə olduğunu qeyd edib.
“Avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentləri “Şimal-Cənub” layihəsi üzrə müzakirələr aparacaq. Eyni zamanda biz yeni "İpək yolu" layihəsi üzərində sıx işləyirik. “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin istismara verilməsi ilə bu layihə həyata keçirilə bilər”,- -deyə nazir bildirib.
12:45
Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş başlayıb.
Oxu.Az-ın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də aktual regional və beynəlxalq məsələlər müzakirə edilir.
Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcəklər.