Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan xalqı Prezidentə minnətdardır – Məktublar
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə koronavirus pandemiyasına qarşı görülən işlər əhali tərəfindən yüksək qiymətləndirilir.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın bütün bölgələrindən olan vətəndaşlar Prezidentə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.
Koronavirusun ziyan vurduğu sahələrin aşkarlanması və itkilərin minimuma endirilməsi, sosial layihələrin təxirə salınmaması, səhiyyə sahəsindəki yeniliklər əhalidə dövlətin siyasəti ilə bağlı xoş təəssüratları daha da gücləndirir.
Prezidentin rəsmi saytına ünvanlanan məktubların məzmununa diqqət yetirsək, görərik ki, əhali dövlət başçısının yürütdüyü siyasətlə həmrəylik nümayiş etdirir və dövlətin iqtisadi-sosial konsepsiyalarını müsbət dəyərləndirir.
Biləsuvardan Məhərrəməli Kazımlı yazır ki, bu çətin günlərdə modul tipli tibb müəssisələrinin yaradılması, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Prezidentin çevik fəaliyyətinin bariz nümunələridir.
“Cənab Prezident, qeyd etmək istəyirik ki, bütün bu tədbirlərin həyata keçirilməsində Sizinləyik. Biz birlikdə güclüyük!”, - deyə, M.Kazımlı bildirir.
Gəncə sakinləri də ölkə başçısının siyasətini yüksək qiymətləndirirlər.
“Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız addımlar və verdiyiniz sərəncamlar vətəndaşlar tərəfindən böyük rəğbətlə və alqışla qarşılanır. Bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz Sizə və dövlətimizə hər zaman güvənmişik. Pandemiya dövründə də belə oldu. Çox sağ olun ki, Sizə bəslənən ümidləri və güvəni hər zaman doğruldur, xalqımıza ruh yüksəkliyi bəxş edirsiniz”, - deyə Gəncə sakinləri bildirirlər.
Abşeron rayonundan Yavər Səlimov isə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya görə Prezidentə təşəkkürlərini çatdırıb.
Daşkəsəndən gələn məktubda da rayon sakinləri adından xoş təəssüratlar bölüşülüb:
“Rayonumuzun bütün sakinləri adından görülən işlərə görə minnətdarlığımızı bildirərək gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Ucar sakini Niyaz Xəlilov yazır: “Siz Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, qərarlar qəbul edirsiniz. İnanırıq ki, bəşəriyyət, xalqımız tezliklə bu bəladan xilas olacaq”.
Tərtərdən Eldar Əsədov, Fazil Vəliyev, Zahid İbrahimov da məktublarında dərin minnətdarlıq hisslərini ifadə ediblər.
Beyləqandan İlham Əliyev, Ağcabədidən Natiq Əlişov, Bakıdan Veysəl Vəliyev də eyni məzmunda müraciətlər ünvanlayıblar.