Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində mövzuya dair süni intellekt əsaslı qısametrajlı film nümayiş olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, filmdə Birinci Türkoloji Qurultayına qədərki dövr və qurultayın keçirilməsi tarixinə baxış öz əksini tapıb.
"Ailəmiz-Türk dünyası" sloqanlı filmdə türk dövlətlərinin və xalqlarının qədim tarixinə də toxunulub.
İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi başlanıb.
Oxu.Az xəbər verir ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.
İyulun 3-dək davam edəcək Türk Dünyası Həftəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.