Son günlər Hindistanın şərq bölgələrini cənginə alan şiddətli yağışlar Assam və Arunaçal-Pradeş ştatlarında su basmalarına və genişmiqyaslı dağıntılara səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Assam ştatının Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinin məlumatına əsasən, daşqınlar nəticəsində ümumilikdə 22 124 nəfər zərər çəkib. Arunaçal-Pradeş ştatında isə üç nəfərin həlak olduğu bildirilir. Hazırda ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Təbii fəlakət nəticəsində 96 kənd və 1.6 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb. Yaşayış evlərinə və yollara ciddi ziyan dəyib, Dhemaji dairəsində isə 1965-ci ildə inşa edilmiş dəmir yolu körpüsünün böyük bir hissəsi uçub. Evsiz qalan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilirlər.