Gələn ay Azərbaycan və İsrail arasında xidməti və diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin aradan qaldırılması gözlənilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.
Səfir bildirib ki, viza rejiminin ləğvi ilkin olaraq diplomatik və servis pasportları olan insanlara şamil olunacaq:
“Bu, iki ölkə arasında imzalanan müqavilənin ilkin hissəsi olacaq. İnanırıq ki, gələcəkdə Azərbaycan vətəndaşlarının İsrailə vizasız getmələrinə şərait yaradılacaq. Əgər statistikaya baxsaq görərik ki, ildən-ilə Azərbaycandan İsrailə gedən, İsraildən Azərbaycana gələn turistlərin sayı artır. Bütün bunları düşünərək vətəndaşlar üçün də vizasız gediş-gəlişin yaradılması lazımdır”.
Rafael Harpaz onu da deyib ki, İsrail Azərbaycanla mədəniyyət, səhiyyə və digər sahələrdə də yaxından əməkdaşlıq edir:
“Elə bu yaxınlarda 3 azərbaycanlı muğam ifaçısının İsraildə konserti olub. Oktyabrın sonlarında isə İsrailin məşhur caz ifaçısı Azərbaycanda konsert verəcək”.