Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri qardaş ölkələr arasındakı münasibətlərdə yeni dövrün başlanğıcını göstərir. Bu dövr gələcəkdə xalqlarımız üçün təkcə siyasi deyil, həm də iqtisadi dividendlər gətirəcək.
Bu fikirləri Oxu.Az-a açıqlamasında “Baku Network” ekspertlər qrupunun rəhbəri, azərbaycanlı politoloq Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, səfər Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə baş tutur və bütün sahələrdə dövlətlərarası əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.
“Azərbaycan diplomatiyasının ənənələrinə uyğun olaraq, zirvə toplantısından sonra qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi və canlanmasına yönəldilən ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, - müsahibimiz bildirib.
Politoloq qeyd edib ki, razılaşmanın ən vacib məsələlərindən biri yüklərin daşınması məsələlərinin operativ həlli üçün Türkmənistan-Azərbaycan birgə komissiyasının yaradılmasıdır.
“Razılaşma imzalandıqdan sonra gömrük, viza və inzibati nəzarət prosesləri sadələşdiriləcək. İmzalanması planlaşdırılan digər vacib məsələ “Azərbaycan Dəmir Yolları” ASC ilə Türkmənistan Dəmir Yolları Nəqliyyatı Nazirliyi arasındakı sazişdir. Yeni sazişdən sonra hər iki ölkə ərazisindən daşınan yüklərə 50 faiz endirim etmək mümkün olacaq”, - ekspert deyib.

E.Ələsgərov əlavə edib ki, həmçinin “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” ASC ilə Türkmənistan Dəniz və Çay Nəqliyyatı Dövlət Xidməti arasında imzalanması planlaşdırılır.
Politoloq qeyd edib ki, danışıqların əsas müzakirə mövzusu Türkmənistandan Xəzər dənizinin dibi ilə Azərbaycana çəkiləcək, daha sonra isə Cənub Qaz Dəhlizinin bir hissəsi olacaq layihədir.
“Bu layihə Türkmənistan və Azərbaycan iqtisadiyyatı üçün vacibdir, çünki bir tərəf bilavasitə istehlakçı, ikinci tərəf isə böyük qaz ehtiyatlarının Türkiyə və Avropa ölkələrinə ötürücüsü ola bilər. Bu qaz boru xəttinin çəkilməsi nəinki Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün, həmçinin Avropa, Rusiya və Türkiyə üçün də strateji cəhətdən vacib layihə olacaq.
Azərbaycan prezidentinin Aşqabada səfər vaxtı təsadüfən seçilməyib. Səfər 2018-ci ilin avqustunda Xəzərin hüquqi statusunun müəyyələndirilməsi ilə bağlı konvensiyanın imzalanmasından sonra baş tutub. Əliyev konvensiyanın imzalanmasından sonra verdiyi bəyanatda deyib ki, bu sənəd ölkələrimizin gələcəyi üçün vacib rol oynayacaq və Aşqabada səfər onun həyata keçirilməsi yolunda real addımdır”, - E.Ələsgərov bildirib.
Ə.Ş.
www.oxu.az