"Bu günlərdə təkcə Azərbaycan ictimaiyyəti deyil, həm də bütövlükdə türk dünyasının diqqəti və gözü Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Özbəkistan Respublikasına dövlət səfərinə və bu çərçivədə həyata keçirilən proseslərə istiqamətlənib".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, görüşlər, açılış və təməlqoyma mərasimləri, habelə çıxış və bəyanatlar hər birimizdə qürur hissi yaradır:
"Xüsusilə də bu səfərin zirvəsi olan Əbədi dostluq haqqında Müqavilənin imzalanması, eləcə də həm Hökumətlərarası Komissiyanın, həm də Ali Dövlətlərarası Şuranın növbəti iclaslarının keçirilməsi bu səfərin nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha sübut edir. Əlbəttə, iki qardaş ölkə arasında əldə olunan bu uğurların həm də çox şərəfli uzaq və yaxın keçmişi var. Təkcə onu demək kifayətdir ki, iki qardaş dövlətin başçılarının son beş ildə qarşılıqlı 15-dən çox ali səfəri olub. Sözsüz ki, səfərin və onun zəngin proqramının əhəmiyyəti haqqında bundan sonra da çox danışılacaq.
Bu səfərdən öncə Azərbaycan Prezidentindən Özbəkistanın Milli İnformasiya Agentliyinin əməkdaşı Bakıya gələrək iki qardaş və dost ölkə arasında olan əlaqələr haqda çox böyük reportaj hazırlayıb. Prezidentimizin verdiyi müsahibə iki ölkə arasında münasibətlərin mövcud səviyyəsini və gələcək inkişaf istiqamətlərini daha aydın şəkildə ortaya qoyan mühüm siyasi mesajlarla yadda qaldı. Belə ki, dövlət başçısının müsahibəsində Azərbaycan-Özbəkistan əlaqələri yalnız ikitərəfli münasibətlər kontekstində deyil, türk dünyasının inteqrasiyası, regional nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, ortaq tarixi-mədəni irsin qorunması, təhsil və humanitar əlaqələrin inkişafı, həmçinin Azərbaycanla Mərkəzi Asiya arasında strateji əlaqələrin dərinləşdirilməsi kontekstindən təqdim edilirdi. Sözsüz ki, müsahibənin diqqətçəkən əsas məqamlarından biri də Azərbaycan ilə Özbəkistanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığına verilən yüksək qiymətdir.
Bu yanaşma iki ölkənin TDT-yə münasibətinin sadəcə çoxtərəfli diplomatik platforma ilə məhdudlaşmadığını göstərir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatını ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər əsasında formalaşan daha geniş inteqrasiya məkanı kimi qiymətləndirirlər. Elə bu baxımdan da Azərbaycan-Özbəkistan münasibətlərinin ən perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyev müsahibəsində bu istiqamətin böyük perspektivlər vəd etdiyini xüsusi vurğulayıb".
"Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malik olması hər iki ölkəni Şərqlə Qərb arasında yeni nəqliyyat və ticarət bağlantılarının formalaşdırılmasında təbii tərəfdaşlara çevirir. Özbəkistan Orta-Mərkəzi Asiyanın önəmli ölkələrindəndir. Coğrafi baxımdan Özbəkistan Çindən başlayan "Bir kəmər, bir yol" nəqliyyat-logistik layihəyə Çin-Qırğızıstan arasında inşa edilən dəmir yolu layihəsinə qoşularaq iştirak edir. Bildiyimiz kimi, hazırda "Bir kəmər, bir yol" prosesində olmaq bütövlükdə Orta Dəhliz və Zəngəzur ilə inteqrasiyada xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın Xəzərdən keçən, Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın beynəlxalq standartlar əsasında qurulmuş nəqliyyat-loqistik infrastrukturundan yararlanmaqla dünya bazarlarına çıxış imkanlarını genişləndirmək Özbəkistan üçün strateji önəmlidir. Özbəkistanın digər Mərkəzi Asiya ölkələri kimi bu qovşağa qoşulması Azərbaycanın tranzit və logistika imkanlarını daha geniş regional şəbəkənin tərkib hissəsinə çevirə bilər. Nəticədə Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız ikitərəfli iqtisadi münasibətlərin inkişafı ilə məhdudlaşmayacaq, Avrasiya məkanında yeni nəqliyyat və ticarət marşrutlarının formalaşmasına da təsir göstərəcək", - deyə deputat vurğulayıb.
İşçi qrupun üzvü əlavə edib:
"Geosiyasi və geoiqtisadi baxımından qiymətləndirsək, ortaq tarix və ortaq mədəniyyət, ortaq dəyərlər və dil üzərində qurulmuş ortaq sivilizasiya kodları Azərbaycan-Özbəkistan münasibətlərinin çoxşaxəli inkişafına və ən yüksək zirvəyə gəlib çatmasına gətirib çıxarıb.
Bu günlərdə gerçəkləşən səfərin əhəmiyyətini də bu kontekstdə dəyərləndirmək lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir.
Sözün həqiqi mənasında Azərbaycan-Özbəkistan münasibətlərinin gücünü müəyyən edən əsas amillərdən biri məhz siyasi və iqtisadi maraqların tarixi-mədəni yaxınlıqla tamamlanmasıdır. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində də iki ölkə arasında münasibətləri daha geniş regional kontekstdə qiymətləndirərək, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri dinamik şəkildə inkişaf etdiyini vurğulayır.
Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirilə bilməz. İki ölkənin əməkdaşlığı türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni bağlantıların yaranmasına və Şərqlə Qərb arasında nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.
Bütün bu qeyd edilənlərə istinad edərək bir daha vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin bu gün də davam edən dövlət səfəri və həyata keçirilən proqram Azərbaycan və Özbəkistan arasında münasibətlər qarşılıqlı etimad, strateji maraqlar və ortaq dəyərlər üzərində qurulan çoxşaxəli tərəfdaşlığın yeni modelinə çevrilib. Belə ki, bu səfərin zirvəsi sayılan və hər iki qardaş dövlətin ali rəhbərlərinin imzalamış olduğu Əbədi dostluq haqqında Müqavilə beynəlxalq münasibətlərdə və diplomatiyada yeni bir yanaşma və əməkdaşlıqdır. Beləliklə, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı iki qardaş ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, daha geniş arealın - türk dünyasının strateji potensialının artmasına da imkan yaradır. Bakı ilə Daşkənd arasında formalaşan əməkdaşlıq modeli göstərir ki, ortaq tarix və mədəniyyət üzərində qurulan münasibətlər müasir dövrdə siyasi, iqtisadi, humanitar və geostrateji tərəfdaşlığa çevrilərək regionun gələcək inkişafında mühüm rol oynaya bilər".