Qarabağda bu dəfə atəş səsləri hərbi təlim ssenariləri üzrə eşidilirdi: göydə aviasiya vasitələri, yerdə zirehli texnika və onları müxtəlif istiqamətlərdə idarə edən hərbi qulluqçular…
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilk dəfə genişmiqyaslı hərbi təlim keçirilirdi. 3500-dən çox şəxsi heyətin iştirak etdiyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimində Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirakçı, İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində iştirak edirdilər.

Düşmən tapdağından qurtulmuş torpaqlarımızda keçirilən bu təlim təkcə hərbi qulluqçuların döyüş hazırlığının nümayişi ilə yadda qalmadı, təlim meydanında müxtəlif ssenarilər üzrə həyata keçirilən əməliyyatlar, iştirakçı ölkələrin hərbçilərinin birgə fəaliyyəti və nümayiş etdirilən texnika regionda hərbi əməkdaşlığın praktiki müstəviyə keçdiyini göstərdi.
Təlimin ardıcıllıqla davam edən mərhələlərinə nəzər salanda da bu məqam aydın görünürdü. Dörd mərhələdən ibarət təlimin ilk hissəsində kiberhəmlələrin aşkar edilməsi və zərərsizləşdirilməsi, mediada dezinformasiyaya qarşı məlumatlandırma, güc nümayişi və çəkindirmədən, ikinci faza diversiyaya qarşı mübarizə və antiterror tədbirləri, üçüncü mərhələ qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi ilə bağlı idi. Yekunda isə iştirakçı ölkələrin bayraqları ilə birgə keçid baş tutdu.

Təlimdə iştirak edən müdafiə nazirlərinin çıxışlarında da əsas diqqət hərbi əməkdaşlığın inkişafına və birgə təlimlərin praktiki əhəmiyyətinə yönəldilmişdi.
Azərbaycan müdafiə naziri Zakir Həsənov bu cür təlimlərin ölkələrimizin ordularının inkişafında rolundan danışıb, təlimlərin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələri qeyd edir, Türkiyənin milli müdafiə naziri Yaşar Güler təlimlərin digər qardaş ölkələrin də qatılması ilə əhatə dairəsinin genişlənməsini arzulayır, Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov isə təlimdə hərbi qulluqçuların yüksək döyüş hazırlığı, peşəkarlıq, nizam-intizam, çeviklik, həmçinin müasir silah və texnikadan istifadə bacarıqlarını nümayiş etdirdiklərini deyirdi.
Bir sözlə, təlimin coğrafiyası, iştirakçı ölkələrin tərkibi və ssenarilərə daxil edilən müxtəlif istiqamətlər, xüsusilə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının birgə fəaliyyətinin kibertəhlükələrdən antiterror tədbirlərinə qədər geniş spektri əhatə etməsi, təlimin qarşılıqlı fəaliyyət imkanlarının sınaqdan keçirilməsi baxımından əhəmiyyətini artırmışdı. Əbəs deyil ki, bu məqamların hərbi əməkdaşlığın regional təhlükəsizlik kontekstində əhəmiyyətini dəyərləndirən ekspertlər də təlimin praktiki və strateji tərəflərinə diqqət çəkiblər.
Hərbi ekspert Elxan Şıxəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, "Birliyin Gücü-2026" birgə təlimi Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilir və əsas məqsədlərindən biri birgə əməliyyatlara hazırlıq, qoşunların koordinasiyası və prosedurların standartlaşdırılmasıdır:

"Burada daha geniş siyasi-hərbi mesaj da var: Azərbaycan regional əməkdaşlığı yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real hərbi qarşılıqlı fəaliyyət, hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi və texnologiya mübadiləsi səviyyəsində inkişaf etdirir".
Ehtiyatda olan türkiyəli General-mayor Yücel Karauz isə Oxu.Az-a açıqlamasında deyib ki, Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən "Birliyin Gücü-2026" təlimində ilk dəfə olaraq Türkiyə və Azərbaycan arasında 30 ildən artıqdır davam edən hərbi təlim və tədris fəaliyyətlərinə Türk Dövlətləri Təşkilatının üzvü olan üçüncü ölkə - Özbəkistanın iştirakı təmin olunub:

"Bununla Anadolu, Qafqaz və Türk dünyasının ən uzaq coğrafi bağlantısı olan Mərkəzi Asiyadan Özbəkistanın iştirakı təmin edilir. Bu təlimdə ortaq təhdidlər, birgə komanda-idarəetmə fəaliyyətləri, süni intellekt, kibertəhdidlər, hibrid müharibənin tələbləri bir arada həyata keçirilir. Təlimin keçirildiyi vaxtın Vətən müharibəsi və antiterror əməliyyatlarının ildönümünə təsadüf etməsi, təlimin Naxçıvanda, Bakıda və Qarabağda keçirilməsi isə dosta güvən, düşmənə qorxu yaradan bir addımdır. Beləliklə, Qarabağ Zəfəri, Şuşa Bəyannaməsi və Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə artıq TDT-nin hərbi təlim əməkdaşlığı, müdafiə sənayesi fəaliyyətləri yeni mərhələyə keçib".
Digər bir maraqlı məqam isə "Birliyin gücü-2026" birgə hərbi təlimi ilə paralel olaraq "ADEX 2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin fəaliyyətə başlamasıydı. Ölkənin bir tərəfində hərbi qulluqçular əməliyyat ssenarilərini icra edir, digər tərəfdə isə müasir texnoloji imkanlar nümayiş olunurdu.

Tədbir çərçivəsində Azərbaycanın müasir silahlarının təqdim edilməsi, Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələrin imzalanması, eyni zamanda, Azərbaycan və Özbəkistan müdafiə nazirləri arasında hərbi əməkdaşlıq planının imzalanması, həmçinin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclasının da keçirilməsi həm iki mühüm tədbir arasında paralellik aparmağa imkan verir, həm də diqqəti tədbirlərin əhəmiyyətinə yönəltməyə əsas verirdi.
Hərbi ekspert Elxan Şıxəliyev də bu iki hadisənin bir-birini tamamlayan vahid strateji xəttin sahədə nümayişi qənaətində olduğunu bildirir:
"Birliyin Gücü-2026" daha çox hərbi-siyasi və əməliyyat səviyyəsində əməkdaşlığın, "ADEX 2026" isə həmin əməkdaşlığın texnoloji və hərbi-sənaye bazasının nümayişidir.
"ADEX 2026" isə 30 sentyabr-2 oktyabr tarixlərində keçirilir və hərbi-texniki əməkdaşlıq, yeni texnologiyaların təqdimatı və müdafiə sənayesi əlaqələrinin genişləndirilməsi üçün platforma yaradır. "Birliyin Gücü-2026" təlimi ilə ADEX sərgisini birləşdirən əsas məqam Azərbaycanın təhlükəsizlik və müdafiə siyasətində hərbi əməkdaşlıqla hərbi-texnoloji inkişafın paralel şəkildə gücləndirilməsidir. Təlim meydanında Azərbaycan, Türkiyə və Özbəkistan orduları qarşılıqlı fəaliyyət və birgə əməliyyat qabiliyyətlərini təkmilləşdirirlərsə, ADEX-də bu əməkdaşlığın texnoloji və sənaye bazası nümayiş olunur. Başqa sözlə, biri "birlikdə necə döyüşmək", digəri isə "bu döyüş qabiliyyətini hansı texnologiya və sənaye imkanları ilə təmin etmək" məsələsini göstərir".
"ADEX çərçivəsində Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı da imzalayıblar. "Birliyin Gücü-2026 Azərbaycan üçün hərbi tərəfdaşlığın praktik gücünü, "ADEX 2026" isə həmin gücün texnoloji və sənaye dayaqlarını nümayiş etdirir. Bu iki tədbir birlikdə Azərbaycanın regional təhlükəsizlik arxitekturasında hərbi əməkdaşlıq, müdafiə sənayesi və müasir texnologiyaları vahid strategiyada birləşdirdiyini göstərir".
Xüsusilə maraqlı məqam odur ki, ADEX çərçivəsində hərbi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər və hərbi-texniki əməkdaşlıq imkanları da nəzərdə tutulub. Buna görə də hər iki tədbir "təlimdən sərgiyə - hərbi əməkdaşlıqdan müdafiə sənayesi tərəfdaşlığını" əsaslandıran strateji yanaşmanın sahədəki nümayişidir deyə düşünürəm"- ekspert əlavə edib.
General-mayor Yücel Karauz isə Azərbaycanın lazer silah sistemləri, pilotsuz yerüstü avtonom vasitələri, kamikadze yerüstü vasitələri, dron sistemləri və digər silah və sursatlarının nümayiş etdirilməsinin çox mühüm mərhələ olduğunu hesab edir:
"Digər mühüm məqam isə sərgidə təxminən 53 ölkədən 300-ə yaxın şirkətin iştirak etməsidir. Təbii ki, Türkiyənin dostluq və qardaşlığının göstəricisi olaraq Türkiyə ADEX Müdafiə Sənayesi Sərgisində 50-yə yaxın şirkətlə iştirak edib. Sərgidə ilk növbədə "Baykar Teknoloji", yəni Azərbaycan firması olan "Baykar Teknoloji" şirkətində azərbaycanlı gənc mühəndislərin istehsal etdiyi dron sistemi nümayiş etdirildi və müdafiə sənayesi sahəsində Türkiyə ilə Azərbaycan arasında təxminən 500 milyon dollara yaxın müqavilələr imzalandı. Bundan əlavə, digər dövlətlərlə imzalanan anlaşmalar da ortaya qoyuldu".
"Beləliklə, sözügedən sərgi yalnız quru qoşunlarının deyil, dəniz və hava qüvvələrinin ehtiyac duyduğu müasir sistemləri, eyni zamanda müasir döyüşün tələb etdiyi süni intellekt, avtonom sistemlər, kibertəhdidlər və kosmos da daxil olmaqla bütün sahələri əhatə edəcək şəkildə fəaliyyət göstərdi. Beləliklə, burada həm "Birliyin Gücü" təlimi, həm də müdafiə sənayesi sahəsində birlik özünü göstərir"- müsahibimiz fikrini tamamlayıb.
Onu da əlavə edim ki, rəqəmlər təlimin və sərginin miqyasını daha aydın göstərir. "Birliyin gücü - 2026" birgə təlimində 135 ədəd İnsansız vasitələr, 76 Zirehli texnika, 94 Artilleriya sistemləri, 27 Aviasiya vasitələri, 34 ədəd REM/REK/RL sistemləri, 18 ədəd HHM vasitəsi, 8 dəst mühəndis texnikası, 25 vahid dəniz vasitələri nümayiş olundu.
"ADEX və "Securex Caspian" sərgilərində isə ümumilikdə 53 ölkənin təmsil olunması, 30 ölkədən 280 şirkət və təşkilatın sərgilərdə iştirakı diqqəti cəlb etdi.
Beləliklə, "Birliyin Gücü-2026" təlimində iştirak edən şəxsi heyət, nümayiş etdirilən hərbi texnika və müxtəlif təyinatlı sistemlərin sayı, eləcə də "ADEX 2026" və "Securex Caspian" sərgilərinin miqyası Azərbaycanın hərbi hazırlıqla yanaşı, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlığa da paralel diqqət ayırdığını göstərir. Təlim meydanında birgə fəaliyyət və qarşılıqlı əməliyyat imkanları sınaqdan keçirilir, sərgi platformasında isə bu imkanları təmin edən texnologiyalar, silah sistemləri və sənaye əlaqələri nümayiş olunurdu.