Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib - YENİLƏNİB + FOTO
Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə oktyabrın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə tədbir iştirakçılarına videomüraciəti dinlənilib.
Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdıran səfir Cahit Bağçı bildirib ki, məzlumların, haqqı tapdalananların yanında olan Türkiyə ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib.
Ölkəsinin inkişaf yolundan danışan diplomat Türkiyənin dünyada söz sahibi və ən güclü ordularından birinə malik olduğunu bildirib. O, ölkəsinin bundan sonra daha da güclənəcəyini vurğulayıb.
Türkiyə-Azərbaycan dostluğundan və qardaşlığından danışan diplomat bir yerdə addımlayan ölkələrimizin qarşıdakı yeni hədəflərə doğru inamla irəlilədiklərini qeyd edib.
Səfir bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır. O qeyd edib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir”.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin beş milyard dollardan çox olduğunu diqqətə çatdıran Cahit Bağçı əminliklə vurğulayıb ki, Türkiyənin yeni 100 ili sülh, sabitlik, inkişaf, həmrəylik əsri olacaq.
Qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
O, bildirib ki, 100 il əvvəl Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşının qazanılması və Türkiyə Cümhuriyyətinin qurulması XX əsr dünya tarixinin ən önəmli hadisələrindən biri olub.
Siyasətini dünyəvilik, demokratiya və millətçilik kimi təməl prinsiplər əsasında quran Türkiyə son 20 ildə böyük siyasi və dövlət xadimi, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm uğurlara imza atıb.
Milli Məclisin sədri qeyd edib ki, Türkiyənin beynəlxalq təsisatlarda yaxından iştirakı onu sülh və sabitlik uğrunda çıxış edən qlobal oyunçuya çevirib. Haqq-ədalət və dürüstlük meyarları üzərində qurulan Türkiyə diplomatiyası ixtilafların yoluna qoyulmasında, dialoqun inkişafında və sülh təşəbbüslərinin irəli aparılmasında söz sahibidir.
Milli Məclisin sədri “Türkiyə yüz ili” konsepsiyasının yeni əsrdə Türkiyəyə daha böyük nailiyyətlər qazandıracağından əminliyini ifadə edib.
Vurğulanıb ki, bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə nəinki Cənubi Qafqazın, həm də daha geniş bir bölgənin geosiyasi mənzərəsini dəyişən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.
Xalqlarımızın və dövlətlərimizin qardaşlığının və dostluğunun ən böyük sərvətimiz olduğunu vurğulayan S. Qafarova deyib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”. Ölkələrimizin fəal iştirakı ilə reallaşdırılan enerji-nəqliyyat layihələri Avrasiya qitəsinin enerji təhlükəsizliyinin qorunmasında, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində önəmli rol oynayır. Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi Türk dünyasının daha sıx birləşməsinə kömək göstərir”.
Bildirilib ki, Türkiyə 30 illik işğal dövründə vandalların viran qoyduğu Qarabağda və Şərqi Zəngəzurda hazırda aparılan bərpa-quruculuq işlərində və bütün digər məsələlərdə Azərbaycanın yanındadır. “Əminəm ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək”, - deyə parlamentin sədri vurğulayıb.
Tədbir ziyafət və konsert proqramı ilə davam edib.
19:46
Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü qeyd olunur.
APA xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin və ölkəmizin yüksək vəzifəli şəxsləri, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin açılış mərasimində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndirilib.
“Bu gün 100-cü yaşını qeyd etdiyimiz Türkiyə dövlətimiz bu torpaqlarda qurulan son dövlətimizdir. Hazırkı dövlətimizi qədim tariximizdən və ənənələrimizdən qaynaqlanaraq ölkəmizi yeni yüzilliyə hazırlamaq qarşıdakı hədəfimizdir.
Dövlətlə millət arasında sədrləri qaldırıb vahid bir Türkiyə qurmağa nail olmuşuq. Güclü bir dövlət olaraq dünyadakı kimsəsizlərin kimsəsi olmağı bacardıq. Biz bundan qürur duyuruq. Növbəti yüz ili Türkiyə yüz ili edəcəyik. Türkiyə dayanmadan güclənəcək, dünyadakı imperialist qüvvələrin iradəsinə tabe olmayacaq”, - videomüraciətdə qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidentinin müraciətini Milli Məclisin spikeri Sahibə Qafarova oxuyub.
18:45
Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət verilir.
Tədbir Türkiyənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Ziyafətdə diplomatik korpusun nümayəndələri, siyasətçilər, ictimai xadimlər, Milli Məclisin sədri Sahibə Qafarova, Qafqaz Müsəlman İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, QHT nümayəndələri, hərbi atteşelər, Milli Məclisin deputatları, media nümayəndələri və digər rəsmilər iştirak edirlər.
"Allahşükür Paşazadə" teqi üzrə xəbərlər
- Kəmaləddin Heydərovdan Allahşükür Paşazadənin qohumunun yerinə TƏYİNAT
- Allahşükür Paşazadəyə məxsus olduğu deyilən klinika qeyri-leqal fəaliyyətlə məşğul olub?
- Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI
- Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - YENİLƏNİB + FOTO/VİDEO
- Bakıda COP29 çərçivəsində dini liderlər sammiti keçiriləcək - FOTO