Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
BAP Milli Məclisə keçirilən seçki ilə bağlı bəyanat yayıb
"İkinci Qarabağ müharibəsində əldə olunmuş qələbəni Azərbaycan tarixinin çox parlaq səhifəsi kimi tanıyan Böyük Azərbaycan Partiyası (BAP) Vətən müharibəsinin hər anında xalqın yanında olub, onun sevinc və kədər hisslərinə şərik olub".
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Azərbaycan Partiyasının Milli Məclisə keçirilən seçki ilə bağlı yaydığı bəyanatda deyilib.
Bildirilib ki, tarixi qələbədən sonra yeni inkişaf mərhələsini yaşayan Azərbaycanda sistemli islahatlar geniş vüsət tapmaqdadır:
"Yeni dövrün əsas təzahürlərindən biri hesab olunan növbədənkənar parlament seçkisi tam olaraq şəffaf və açıq rəqabət şəraitində keçirilib. 6 üzvü ilə seçki marafonunda təmsil olunmuş BAP öz sədri Elşad Musayevin Milli Məclisin üzvü seçilməsinə müvəffəq olub. Ümumilikdə dörd min beş yüzə yaxın müşahidəçisi olan BAP bəyan edir ki, seçkilərin legitimlik dərəcəsinə və aşkarlıq şəraitində keçirilməsinə dair xələl gətirə biləcək heç bir ciddi hal yaşanmayıb".
Bəyanatda qeyd edilib ki, BAP sədri Elşad Musayevin seçicilərin səsini toplayaraq VII çağırış Milli Məclisdə təmsil olunması bütün partiya üzvlərinin daha səmərəli və məsuliyyətli fəaliyyəti üçün zəmin yaradır:
"Ölkədə siyasi partiyaların inkişafına da təkan vermiş parlament seçkisi Azərbaycanda siyasi münasibətləri mahiyyət etibarı ilə yeni mərhələyə çıxardıb. Milli maraqları, cəmiyyətin rifahını və qanunun aliliyini siyasi fəaliyyətinin önəmli prinsipləri kimi tanıyan BAP öz çalışmaları ilə Milli Məclisin gələcək işinə də töhfə vermək iddiasındadır. Milli həmrəyliyi sosial-siyasi dəyər kimi tanıyan BAP sonra da ölkədə birlik və siyasi dialoq mühitin inkişafına xidmət edən bütün təşəbbüsləri dəstəkləyəcək, habelə ölkənin inkişafı üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəkdir".