Milli Məclisin deputatı Rafael Cəbrayılov istefa verib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında bildirilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, R.Cəbrayılov özü müraciət edərək mandatından məhrum edilməsini istəyib.
Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb.
Bununla bağlı mətbuata açıqlamasında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.
R.Cəbrayılov 2015-ci ildən bəri ancaq və ancaq qalmaqallarla, tikinti şirkətinin vətəndaşları aldatması, sələmçilik və s. hadisələrlə gündəmə gəlib.
Bundan az əvvəl Bakı sakini Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadıldığını bildirmişdilər. Deputatla qardaşının “Dərhal” MMC firması bir neçə vətəndaşı aldadıb, indiyə qədər iş məhkəmələrdədir.
Mirəhməd Abbasov deputat Rəfail Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olaraq digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevidə eyni qaydada aldadaraq 165 min manat pullarını mənimsəyib. Ona aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın “Nikoil Bank”ı arasında da məhkəmə çəkişməsi olub. Bank R.Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas göstərək məhkəməyə müraciət etmişdi.
14.11.2012-ci ildə Ali Məhkəmədə “NikoilBank”ın deputat R.Cəbrayılov, qardaşları ElşənCəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi keçirilmiş və kasasiya şikayəti təmin olunmamışdı. Bundan başqa, deputata və onun yeznəsinə qarşı iddia “AG Bank” ASC tərəfindən qaldırılıb.
Belə ki, R.Cəbrayılov və kiçik bacısının həyat yoldaşı olan sürücüsü Talıbov Aqil Mirqasım oğlu bankdan külli miqdarda kredit götürüblər. Daha sonra isə ödənişlərdə problem yaranıb.
Belə olduqda “AG Bank” ASC Abşeron Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsini tələb edib.
Aqşin Kərimov