Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Siqh Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, memorandumun məqsədi tərəflər arasında akademik, tarixi və mədəni tədqiqatlar sahəsində əməkdaşlıq çərçivəsinin yaradılmasıdır.
Bu əməkdaşlıq çərçivəsində tarixi əlaqələrə və mədəni qarşılıqlı təsirlərə xüsusi diqqət yetiriləcək. Bu çərçivədə tərəflər bölgədə siqh səyyahlarının, tacirlərinin və dini xadimlərinin mövcudluğu ilə bağlı tarixi mənbələri, elmi materialları və mədəni sübutları, o cümlədən Bakı, Atəşgah məbədi və mədəniyyətlərarası mübadilənin daha geniş tarixi konteksti ilə əlaqəli məsələləri araşdıra bilərlər. Bu əməkdaşlıq elmi dialoqun, obyektiv tədqiqatların, mədəni anlaşmanın və tarixi yaddaşın qorunmasının təşviq edilməsinə xidmət edir və hər hansı akademik araşdırmanın nəticələrini əvvəlcədən müəyyən etmir.
Sənəddə deyilir ki, tərəflər, zəruri hallarda, bu memorandum çərçivəsində həyata keçirilən məsləhətləşmələrə, müzakirələrə və ya tədqiqat fəaliyyətlərinə tədqiqatçıları, tarixçiləri, mədəniyyət üzrə ekspertləri, akademikləri və digər aidiyyəti mütəxəssisləri cəlb edə bilərlər. Tərəflər aidiyyəti ekspertlər, qurumlar və tədqiqatçılar arasında akademik və mədəni mübadilələrin inkişafına töhfə verməyə razılaşırlar. Bu mübadilələrə konfranslar, dəyirmi masalar, mühazirələr, seminarlar, sərgilər, dinlərarası dialoq və tarixi araşdırmalar daxil ola bilər. Tərəflər Azərbaycan daxilində və xaricdə fəaliyyət göstərən universitetlər, tədqiqat mərkəzləri, arxivlər, muzeylər, mədəniyyət müəssisələri və digər aidiyyəti tərəflərlə birgə əməkdaşlıq edə bilərlər. Belə əməkdaşlıq tədqiqat mövzusu ilə bağlı tarixi materialların, ekspert rəylərinin və sənədli sübutların toplanmasına töhfə verə bilər.
Bu memorandum tərəflərin qarşılıqlı niyyətlərini əks etdirir və nə daxili hüquq, nə də beynəlxalq hüquq baxımından hüquqi cəhətdən məcburi qüvvəyə malik müqavilə hesab edilir. Ayrı yazılı razılaşmada açıq şəkildə nəzərdə tutulmadığı təqdirdə, bu memorandum tərəflərdən heç biri üçün hüquqi, maliyyə və ya inzibati öhdəlik yaratmır.
Anlaşma Memorandumu hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı yazılı razılığı ilə yenilənə, dəyişdirilə və ya ləğv edilə bilər.
Bu Memoranduma istənilən vaxt tərəflərin qarşılıqlı yazılı razılığı ilə dəyişiklik və ya əlavələr edilə bilər. Hər bir dəyişiklik bu memorandumun ayrılmaz hissəsini təşkil edəcək.
Memorandumu BTQ-nin icraçı direktoru Abbas Abbasov və Beynəlxalq Siqh Federarasiyasının sədri Bual Moninder Singh imzalayıblar.