Ermənistanda parlament seçkisi gərgin siyasi atmosfer şəraitində keçirilib.
Kampaniya dövründən etibarən müxalifətə təzyiqlər, seçicilərin ələ alınması, inzibati resurslardan istifadə və digər oxşar iddialar gündəmdə olub.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, seçki ərəfəsində bir sıra müxalifət nümayəndələrinin saxlanılması prosesin şəffaflığı ilə bağlı sualları daha da artırıb. Səsvermə günü də pozuntu iddiaları səngiməyib. Seçki marafonu bir növ "qara bazar"ı xatırladıb: vətəndaşlardan bəzilərinin səsini avroya, digərlərinin isə rubla satdığı iddia olunub.
* Ermənistanda seçki pozuntuları ilə bağlı 59 cinayət işi açılıb, 9 nəfər saxlanılıb
Bundan əlavə, "Güclü Ermənistan" blokunun səlahiyyətli nümayəndəsi iki dəfə səs verməyə cəhd etməkdə şübhəli bilinərək saxlanılıb. Digər diqqətçəkən məqam isə Rusiyada biznes assosiasiyasına rəhbərlik edən şəxsin Ermənistan vətəndaşlarının ölkəyə daşınmasını təşkil etməkdə ittiham olunaraq həbs edilməsidir.
Yayılan saxta bomba xəbərləri isə hüquq-mühafizə və təhlükəsizlik qurumlarını əlavə tədbirlər görməyə məcbur edib.
Beynəlxalq müşahidəçilərə, o cümlədən ATƏT və Avropa Şurasının nümayəndələrinə gəldikdə isə, onların Ermənistanda onsuz da gərgin keçən seçki prosesində tutduqları mövqe də müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bəzi Qərb institutları zaman-zaman öz siyasi maraqlarına uyğun gələn hakimiyyətlərə münasibətdə daha yumşaq mövqe nümayiş etdirirlər.
Analitik Yeganə Hacıyeva məsələ ilə bağlı bildirib:
"Ermənistanda seçki ərəfəsində və seçki günü siyasi mühit ətrafında yaranan pozuntular, müxalif qüvvələrin irəli sürdüyü ittihamlar, hüquq-mühafizə orqanlarının siyasi proseslərdəki roluna dair səslənən iddialar və seçki mühitinə təsir göstərə biləcək inzibati resurslardan istifadə beynəlxalq hesabatlarda, demək olar ki, öz əksini tapmır".