Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Böyük Məzrə haqqındadır.
XIX əsrin əvvəllərinə qədərki dövrə aid olan mənbələrdə Məzrə adlı bir kəndin adı çəkilir, daha sonrakı dövrə aid sənədlərdə isə artıq iki ayrı yaşayış məntəqəsinin adı qeyd edilir: Böyük Məzrə (indiki Mets Masrik) və Kiçik Məzrə (indiki Pokr Masrik).
1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində Böyük Məzrə kəndi Mets Masrik adlandırılıb.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
1724-cü ildə Rusiya və Osmanlı imperiyaları arasında bağlanmış Konstantinopol müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının ərazisi Rusiya tərəfindən Osmanlı imperiyasının torpaqları kimi tanınıb.

1728-ci ildə Osmanlı məmurları yaşayış məntəqələrinin adlarını göstərən "İrəvan əyalətinin icmal dəftəri"ni tərtib ediblər. Bu sənəddə bir Məzrə kəndinin adı qeyd edilir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.
1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib16, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Böyük Məzrə kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 293 nəfər yaşayıb.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Qafqaz haqqında məlumat toplusu:
1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 956 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 1379 nəfər yaşayıb.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 1652 nəfər yaşayıb.

1909-cu ilə olan Qafqaz təqvimi:
1906-cı ildə kənddə 1842 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:
1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 1842 nəfər yaşayıb.
1912-ci ilə olan Qafqaz təqvimi:
1911-ci ildə kənddə 1891 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
1916-cı ilə olan Qafqaz təqvimi:
1915-ci ildə kənddə 1970 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
Arxiv sənədlərinə əsasən, 1919-cu il aprelin ortalarında Böyük Məzrə kəndində erməni qoşunları tərəfindən qırğın törədilib, kəndin özü isə dağıdılıb.
Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk əhalisinin sayını Sovet Ermənistanı əhalisinin 1922-ci il siyahıyaalınması məlumatlarındakı sayı ilə müqayisə etdikdə görünür.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə 1133 nəfər yaşayıb, onlardan 572 nəfəri azərbaycanlı olub.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. 1930-cu ildən etibarən kənd 1969-cu ildə Vardenis adlandırılmış Basarkeçər rayonunun tərkibində olub.
Erməni mənbələrinin məlumatına əsasən, 1980-ci illərin sonlarınadək kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə 1232 nəfər yaşayıb, onlardan 594 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə 2066 nəfər yaşayıb, onlardan 867 nəfəri azərbaycanlı olub.
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 1953-cü ildə Böyük Məzrə kəndinin 90 nəfər azərbaycanlı sakini zorla Azərbaycanın Mirbəşir rayonuna (indiki Tərtər rayonuna) köçürülüb.
Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 2697 nəfər, əsasən, ermənilər yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1970-ci ildə kənddə 3446 nəfər yaşayıb.
1979-cu ildə kənddə 3515 nəfər yaşayıb.
1989-cu ildə kənddə 3048 nəfər yaşayıb, onların 31%-i azərbaycanlılar olub.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
"İrəvan quberniyasının 1902-ci ilə olan yaddaş kitabçası"nda kənddə məscidin fəaliyyət göstərdiyi qeyd edilir, lakin o, günümüzə qədər gəlib çatmayıb.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 33 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Böyük Məzrə ilə bağlı 10 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.