2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təşviqat mərhələsi çərçivəsində 67 saylı Sabirabad seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi akademik Əhliman Əmiraslanovun Sabirabad rayonu Zəngənə, Cavad və Yolçubəyli kəndlərindən olan, kənd təsərrüfatı sahəsində, həmçinin Sabirabad rayonunun Meliorasiya və su təsərrüfatı sahəsində çalışan seçicilərlə görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, görüşlər zamanı deputatlığa namizəd Əhliman Əmiraslanov bildirib ki, dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamlar kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına xidmət edir. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafı ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib. Deputatlığa namizəd ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsində də ciddi irəliləyişlərin olduğunu söyləyib. Əhliman Əmiraslanov qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcək.
Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd Əhliman Əmiraslanova yekdilliklə dəstək olacaqlarını ifadə ediblər.