Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun vacibliyini vurğulayıblar
Bakıda keçirilən COP29-da Gender Günü çərçivəsində ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun vacibliyini vurğulayıb və genderyönümlü layihələrin maliyyələşdirilməsini artırmağa çağırıblar.
"Report" xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri mətbuat konfransında bildiriblər.
İştirakçılar qeyd ediblər ki, qadınlar təkcə iqlim böhranlarından daha çox zərər çəkmir, həm də yerli icmaların dayanıqlığının gücləndirilməsində əsas rol oynayırlar.
COP29 konfransı çərçivəsində iqlim dəyişikliyinin qadınlara təsirinə həsr olunmuş Gender Günü keçirilib.
"İqlim dəyişikliyinin gender aspektləri xüsusi diqqət tələb edir. İqlim fəlakətlərinin qurbanlarının beşdə dördünü qadınlar təşkil edir və onlar fəlakətlərin nəticələrinə 14 dəfə daha həssasdırlar. Lakin xeyriyyə vəsaitlərinin cəmi 0,2 %-i bu sahədə qadınlara dəstək üçün ayrılır", - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin vurğulayıb.
O əlavə edib ki, konfrans BMT və onun agentlikləri, o cümlədən BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə strukturu (UN Women) ilə yüksək səviyyədə əməkdaşlıq nümayiş etdirib: "Bu gün biz bu problemin həlli üçün proqramın növbəti 10 il müddətinə uzadılmasının zəruriliyini müzakirə etdik".
BMT Baş Assambleyasının keçmiş prezidenti Mariya Fernanda Espinosa da qadınların dəstəklənməsinə yönələn maliyyələşdirmənin vacibliyinə diqqət çəkib.
"Keçən il COP28-də milli nümayəndə heyətlərinin yalnız 30 %-də qadınlar var idi, gender paritetini isə nümayəndə heyətlərinin yalnız 2 %-də görmək olardı. Bu gün qadınların maraqlarını nəzərə alacaq yeni maliyyə hədəfinin qəbul edilməsini gözləyirik", - Espinosa deyib.
Nizami Gəncəvi Mərkəzinin İdarə Heyətinin üzvü Cin Bayderşnayder qeyd edib ki, maliyyə olmadan ən iddialı iqlim təşəbbüsləri belə həyata keçirilə bilməz: "200 trilyon dollarlıq aktivləri olan özəl sektor iqlim maliyyəsinin genişləndirilməsində əsas rol oynamalıdır. COP29 konfransı iqlim dəyişikliyi problemlərinin həllinə biznes dairələrinin cəlb edilməsi üçün mühüm platforma yaradıb".
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT