Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistan bərabərdir mina - ŞƏRH + RƏQƏMLƏR
4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür. Azərbaycan mina problemindən əziyyət çəkən ölkə kimi beynəlxalq və regional çağırışlarını artırır.
Çünki Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır.
Təsadüfi deyil ki, Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə, ilkin qiymətləndirmələrə görə, 1,5 milyondan artıq mina basdırılıb. Bu minaları Ermənistan basdırıb və onun havadarları məsələyə görə susqunluq nümayiş etdirirlər.
Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3 429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-ni uşaq, 38-ni isə qadınlar təşkil edir.
Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 vətəndaşımız minaya düşüb. Onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb.
Ermənistanın Azərbaycana verdiyi mina xəritələri də İrəvanın siyasəti qədər saxtadır.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunan, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib.
“Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib. Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir”, - deyə Azərbaycan XİN bildirib.
Bunlar azmış kimi, Ermənistan münaqişə bitdikdən sonra Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyi davam etdirib. Həmin regionda 2021-ci il Ermənistanın istehsalı olan minlərlə piyada əleyhinə mina aşkar edilməsi İrəvanın ikiüzlü siyasətinin bariz nümunəsidir.
Bu gün Azərbaycan minatəmizləmə fəaliyyətinin 90 faizdən çoxunu daxili resursları hesabına aparır. Bu istiqamətdə bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən dəstək məhduddur.
Bildirək ki, mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma torpaqlarına qayıdışı prosesini ləngidir, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır.
Ancaq Qərb dairələri Ermənistanın terrorları, o cümlədən mina terroru ilə əlaqədar fəaliyyəti barədə susqundur.
Aqil Vəlili