Azərbaycanda deputatların bir çoxu gündəmdə qalmaq və ya məsuliyyətlərini dərk etməməkdən dolayı, özlərinə aid olan məsələlərə deyil, tamam başqa işlərə baş qoşurlar. Bir çoxları yeni “təklif”lərlə gündəmi “bəzəməyə” çalışdıqları kimi, bəziləri də siyasəti bir kənara qoyub, dinin “quyruğun”dan tutublar.
Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu da son dövrlər bütün işini, gücünü buraxıb, din məsələlərinə baş qoşub. Doğrusu, bir millət vəkilinin öz seçicilərinin, ümumilikdə, ölkənin böyük-böyük problemlərini buraxaraq, dinə bu qədər meyl etməsi başadüşülən deyil. Əvvəla, bu gün Fazil Qəzənfəroğlunun seçildiyi (seçdirildiyi daha doğrudur-red.) dairənin yetərli qədər problemi var. Bunu seçicilər də dilə gətirib deyirlər ki, bu adam bizim problemlərimizi həll etmək əvəzinə, əllaməçiliklə məşğuldur. Həmin məsələləri parlamentdə dilucu da olsa qaldırmayan deputatın “dindar”, “molla”, “axund” obrazı formalaşdırmağının hansı məqsəddən gəldiyi də məlum deyil.
Deyilənə görə, Qəzənfəroğlu bir zamanlar çoxlu mütaliələrdən sonra nurçuların, bəzilərinə görə vəhhabilərin təsir dairəsinə düşüb. Hərçənd bizim də elə bir iddiamız yoxdur. Ola bilər ki, müsəlman olaraq deputat oxuduqlarından bir nəsib alaraq, dinə, haqqa qayıtmaq istəyib. Amma onun bu qədər siyasəti, iqtisadiyyatı və ölkənin problemlərini buraxaraq, dinşünas olması qətiyyən başadüşülən deyil. Məgər, məmləkətin dərdi yoxdur ki, Qəzənfəroğlu din məsələlərini onlardan daha üstün bilir? Bəlkə, ölkəni bürümüş bahalıq, sosial-iqtisadi problemlərdən dolayı azca dilini tərpədib, millətin dərdini parlamentdən səsləndirsin? Onun bu məsələlərə baş vurmasının faydası daha çoxdur, nəinki dinlə baş qatmasına. Təbii ki, bizim onun inanc və iman məsələsinə qarışmaq haqqımız da yoxdur. Amma Fazil Qəzənfəroğlu molla olmaq istəyirsə, mandatını təhvil verib, Qafqaz Müsəlmanları İdarəsinə işə düzəlsin. Azca saqqal da buraxarsa, xalis molla və ya axund qiyafəsi də alar.
Amma bu gün zəruri olan o deyil. Bu gün zəruri olan ölkənin problemlərini parlamentdə qabartmaq, bir millət vəkili, bir vətəndaş olaraq insanların üzləşdiyi çətinlikləri asanlaşdırmağın yolunu tapmaq daha faydalıdır. Üstəlik, cənab Qəzənfəroğlu da dini o qədər mükəmməl bilmədiyindən fikirləri isə cəmiyyətə sırımaq istədiklərini üz-gözünə bulaşdırır.
Çox da uzunçuluq etmədən yazını yekunlaşdıraq.
Fazil Qəzənfəoğluna məsləhət vermək istəmirik. Sadəcə, xatırlatmaq niyyətimiz var ki, o, bildiyi işlərə baş qoşarsa, daha faydalı olar. Daha bu məsələlərə girişdikcə, zatən az savadı üzündən daha da pis durumlara düşür. Ona görə də, cənab deputatdan rica edirik ki, əlindəki qarışıq məhsulu üz-gözünə çox bulaşdırmasın (Jam.az).