Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Fərid Şahbazlı: "Azərbaycanın Türk birliyinə dəstəyi prinsipial və ardıcıl xarakter daşıyır"
"Azərbaycan Prezidenti İlham Əliyevin ADA universitetində təşkil edilən beynəlxalq konfransda Türk dünyası ilə bağlı mövqeyi və verdiyi mesajlar Azərbaycanın xarici siyasətində bu coğrafiyaya verilən strateji əhəmiyyətin bariz nümunəsidir. Ölkəmiz tarixən Türk dövlətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafında aparıcı rol oynayıb və bu siyasət bu gün də ardıcıl şəkildə davam etdirilir".
Oxu.Az xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər" ictimai birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Türk dünyası ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir:
"Bu baxımdan, Türk Dövlətləri Təşkilatının (TDT) mövcudluğu və güclənməsi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin ifadə etdiyi kimi: "Biz TDT-ni daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Təşkilat yubanmamalı və mühüm qlobal iştirakçıya çevrilməlidir. Biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik".
Siyasi şərhçi bildirib ki, beynəlxalq konfransda Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikası ilə bağlı suala cavab verərkən, bu ölkəyə açıq və prinspial dəstəyini ifadə etməsi Azərbaycanın Türk birliyinə sadəcə mənəvi bağlılıq deyil, eyni zamanda, praktiki və siyasi yanaşma sərgilədiyini göstərir: "Dünyada yaşanan olduqca gərgin geosiyasi şəraitdə dövlət başçısının Şimali Kiprlə bağlı mövqeyi Azərbaycanın siyasətinin mövsümü xarakter daşımadığını, tarixi və milli maraqlarımızdan irəli gələn ədalət prinsiplərinə söykəndiyini növbəti dəfə təsdiqlədi.
Prezident İlham Əliyev TDT-nin unikallığını vurğulayaraq onun etnik mənşəyə, ortaq tarixə, dəyərlərə və mədəniyyətə əsaslandığını qeyd etdi. Bu, təşkilatın yalnız siyasi və iqtisadi platforma deyil, həm də dərin mənəvi və tarixi köklərə malik bir birlik olduğunu təsdiq edir".
Fərid Şahbazlı deyib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar təkcə ikitərəfli deyil, çoxtərəfli əməkdaşlığın da genişlənməsinə xidmət edir:
"Bu gün Azərbaycan Türk dövlətləri ilə həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə sıx əməkdaşlıq edir və bu əlaqələrin daha da dərinləşdirilməsi üçün təşəbbüslərlə çıxış edir.
Azərbaycan dövləti Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün bundan sonra da üzərinə düşən missiyanı qətiyyətlə yerinə yetirəcəkdir".
"Fərid Şahbazlı" teqi üzrə xəbərlər
- Fərid Şahbazlı: "Azərbaycan artıq geosiyasi prosesləri müəyyənləşdirən əsas aktorlardan biridir"
- Fərid Şahbazlı: "Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı"
- Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar
- Fərid Şahbazlı: "Prezidentin çıxışı beynəlxalq güclərə verilən açıq və sərt mesaj oldu"
- Sədr: "Avropa İttifaqı rəsmisinin Azərbaycanla bağlı bəyanatı ikrah doğurur"