Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi rəsmi Parisin müstəmləkə zorakılığını pisləyib
Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi rəsmi Parisin müstəmləkə zorakılığını pisləyib.
Oxu.Az xəbər verir ki, Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi Sent-Lui qəsəbəsindən olan iki gənc kanakın öldürülməsini Kanakidəki vəziyyətin faciəvi təsviri kimi qiymətləndərib.
Bəyanatda qeyd olunub ki, Fransa dövləti Numea və Matinyon müqavilələrindəki vədlərə xəyanət edərək asayişi qorumaq bəhanəsi ilə müstəmləkə rejimini saxlamaqda israr edir:
"Müstəmləkə altında olan çoxsaylı yerli xalqların problemlərini zorakı üsullarla həllinə üstünlük verir. Bu gün burada hədəf öz müqəddəratını təyin etmək hüququndan inadla məhrum edilmiş və dekolonizasiya olunmamış xalqdır.
Bu sistemli və institusional zorakılığa qarşı beynəlxalq ictimaiyyət səssiz qala bilməz. Fransaya təzyiq göstərmək, beynəlxalq hüquq standartlarına hörmət etməsini tələb qoymaq və onun repressiv qüvvələrinin törətdiyi repressiyalara dərhal son qoymasını tələb etmək beynəlxalq ictimaiyyətin borcudur.
Martinikdə mənzərə ürəkaçan deyil. Martinik xalqının iqtisadi və sosial ədalət haqları vəhşicəsinə basdırılır. Xalqın tələblərini boğmağa yönəlmiş bu dövlət repressiyası müstəmləkə məntiqinin bir hissəsidir. Biz bunu şiddətlə pisləyirik.
Beynəlxalq Azadlıq Cəbhəsi Kanakidə, Martinikdə və bütün dünyada müstəmləkəçiliyin bütün qurbanlarına sarsılmaz dəstəyini ifadə edir. Bizim mübarizəmiz ədalət, azadlıq, qurtuluş və xalqımızın ləyaqəti uğrunda mübarizədir. Biz mübarizəmizə müstəmləkəçilik qəti şəkildə aradan qaldırılana və xalqlarımız nəhayət azad, sülh və suverenlik içində çiçəklənənə qədər sadiq qalacağıq".
Bəyanata Fransa müstəmləkəsi altında olan ərazilərdəki 17 siyasi hərəkat qoşulub.
Xatırladaq ki, bu ilin iyul ayında Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda Birinci Qurultaylarını keçirərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar.