Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Füzuli və Şuşaya 10 may səfəri rəmzi xarakter daşıyır” - AÇIQLAMA + FOTO
“Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mayın 10-da Füzuli və Şuşa şəhərlərinə səfəri işğaldan azad olunmuş bu ərazilərin bərpası istiqamətində yeni təməlqoyma mərasimləri ilə müşayiət olunub. Eyni zamanda, dövlət başçısı və birinci vitse-prezident görülən işlərlə yaxından tanış olublar”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, mayın 10-da Füzuli və Şuşaya gerçəkləşən bu səfər rəmzi xarakter daşıyır:
“Çünki 10 may ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu gündür. Vaxtilə Şuşanın inkişafında ulu öndərimizin böyük xidmətləri olub, hakimiyyətə qayıtdıqdan sonra işğal altında olan torpaqlarımızın, o cümlədən Şuşanın azad olunması üçün çox çalışdı. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Heydər Əliyevin siyasətində ən başlıca məqam ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi. Ulu öndərimizin bu siyasətini uğurla davam etdirən, torpaqlarımızı işğaldan azad edən, müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, böyük şəxsiyyət Heydər Əliyevin Qarabağın işğaldan azad olunması arzusu reallaşdı.
Cənab Prezident Şuşada Azərbaycan xalqına müraciətində bu məqamları vurğulayaraq dedi ki, “mayın 10-da mən yenidən ulu öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm”.
Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük quruculuq məkanına çevrilib:
“Tarixi qələbədən sonra dayanmadan, fasiləsiz bərpa işləri həyata keçirilir. Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş bölgələrdə dirçəliş işlərini şəxsən nəzarətdə saxlayırlar. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuliyə və Şuşaya növbəti səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir”.
“Füzuli şəhərində Peşə Liseyinin və 180 çarpayılıq xəstəxananın təməli qoyulub. Bundan əvvəl isə ötən il Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib. Heç bir ölkədə indiyə kimi altı-yeddi ay ərzində beynəlxalq tipli hava limanı inşa edilməyib. Bu, bir daha Azərbaycanın qüdrəti, cənab Prezidentin yorulmaz fədakar əməyinin nəticəsidir. Füzuli Hava Limanının və Zəfər yolunun bir hissəsinin istifadəyə verilməsi sayəsində Bakıdan və bir çox ölkələrdən Qarabağa, Şuşaya qısa bir zamanda rahat və təhlükəsiz çatmaq mümkündür”, - deyən Fatma Yıldırım qeyd edib ki, Şuşa şəhərində bərpa-quruculuq işləri daha böyük vüsət alıb.
O xatırladıb ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva ötən il yanvarın 14-də, sonradan mart-may aylarında Şuşaya səfər edərək Azərbaycanın mədəniyyət paytaxtı olan bu tarixi şəhərin bərpasının əsasını qoydu. Fasiləsiz olaraq bir çox infrastruktur obyektlərinin, mədəniyyət və tarixi abidələrin bərpası və yenidən qurulması ilə bağlı tədbirlər görüldü, yeni təməlqoyma mərasimləri keçirildi. Hazırkı səfər zamanı da görülən işlərlə tanışlıq oldu.
Şuşa Realnı Məktəbinin, Mehmandarovların malikanə kompleksinin, tarzən Sadıqcanın vaxtilə yaşadığı evin bərpası və digər işlər qürurvericidir. Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun xüsusi rolu var. Qürur hissi ilə deyə bilərik ki, 270 illik yaşını qeyd etdiyimiz Şuşa şəhəri yenidən daha gözəl bərpa olunaraq dirçəlir, əvvəlki şöhrətini özünə qaytarır”, - deputat əlavə edib.
"Füzuli" teqi üzrə xəbərlər
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu
- Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib