Elşad Abdullayev mənimlə bağlı məlum videonu yayandan sonra şoka düşmüşdüm. Əllimi həyatdan üzmüşdüm. Gözləmədiyim insanlardan gözləmədiyim reaksiyalar gördüm. Bir dəfə 24 saat insult keçirdim. Bir dəfə də intihara cəhd etdim. Hər gün dərman atıb yatırdım.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bü gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışının davamında müttəhim özü deyib.
Sonra isə, Gülər Əhmədova məhkəmədə Gürcüstana hansı məqsədlə getmək istəyini açıqlayıb:
“İnsult keçirəndən sonra Bakıda xəstəxanaya dostlarımın yanına yoxlanmağa getdim. Lakin dedilər ki, bura jurnalistlər gələcək, bizə problem yaranacaq. Elə bil cüzam xəstəsiydim. Məndə inciklik yarandı. Gürcüstan parlamentində deputat tanışım var, yaxşı həkimdir. Ona görə Gürcüstana getməyə qərar verdim. Bu hadisələrdən bir az uzaqlaşmaq istəyirdim. Elə bilirdim ki, hamı məndən danışır. Həm də qıcolmalarım olurdu. Çox qorxurdum. Bilsəydim ki, ölkədən çıxışıma qadağan qoyulub, getməzdim”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
Proses davam edir.