"Diplomatiya sahəsində ilk vəzifəm ABŞ-də olub. 1993-cü ildə Vaşinqtona gələndə ABŞ cəmiyyətində Azərbaycan demək olar ki, tanınmırdı. Bizim əsas vəzifəmiz Azərbaycan haqqında həqiqi və doğru informasiyanı çatdırmaq idi. Çünki həmin dövrdə ABŞ-də erməni diasporunun yaratdığı ciddi təhriflər vardı. Bu, sözün əsl mənasında mübarizə idi".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.
O, fikirlərinə belə davam edib:
"Azərbaycan artıq C5+1 formatının bir hissəsidir. Bu əməkdaşlıq hər iki tərəf üçün çox faydalı olacaq.
1996-cı ildə Bjezinskinin rəhbərliyi ilə Mərkəzi Asiya İnstitutu yaradılıb və məni ilk çıxış edən qonaq kimi dəvət etmişdilər. O çıxışı yenidən oxudum və orada institutun adının "Mərkəzi Asiya və Qafqaz" olması təklifini verdiyimi gördüm. O da dərhal razılaşmışdı. Bu institut indi də çox fəaldır və region haqqında maarifləndirmə baxımından önəmli rol oynayır.
Bəziləri məndən soruşur ki, hansı dövrdə səfir olmaq daha çətin idi - o vaxt, yoxsa indi? Mən deyərdim ki, indi daha asandır. Çünki bu gün ABŞ Prezidenti Azərbaycana şəxsən diqqət ayırır. O vaxt isə yüksək vəzifəli şəxslər Azərbaycanın adını belə düzgün tələffüz edə bilmirdilər. Düzdür, bu problem indi də qismən qalır. Amma təsəlli verən odur ki, son vaxtlar Prezident Tramp da Ermənistanın adını tələffüz etməkdə çətinlik çəkmişdi.
Bu institusional fəaliyyətlər və Dr. Şafinin rəhbərliyi altında görülən işlər Azərbaycana böyük diqqət cəlb edir. Bu gün təşkil olunan ilk ABŞ-Azərbaycan Beyin Mərkəzlərinin forumu sonuncu olmayacaq".
Məhərrəm Əliyev