Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan yaxın zamanda ATƏT-in Minsk qrupunun xətti ilə görüşün keçirilməsi ilə bağlı qrupun təklifini qəbul edib.
Bu barədə həmsədrlərin regiona səfəri çərçivəsində verdiyi yekun bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endrü Şofer fevralın 20-də Yerevanda Ermənistan baş naziri Nikol Paşinyan, fevralın 21-də isə Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirərək, liderlərin yaxın zamanda görüşünə hazırlıqlarla bağlı sualları, o cümlədən, danışıqların mümkün mövzularını müzakirə edib.
Bəyanatda qeyd olunur ki, ölkələrin liderləri keçirilən görüşlərdə həmsədrləri yanvar ayında Davosdakı Dünya İqtisadi Forumundakı danışıqları barədə məlumatlandırıb. Liderlər və həmsədrlər mövcud situasiyanı müzakirə edərək, növbəti addımlarla bağlı gözləntilərini bölüşüblər.
“Həmsədrlər təmas xəttində itkilərin olmamasını müsbət qiymətləndirib, onlar, eyni zamanda, əhalinin sülhə hazırlığı ilə bağlı regionda başlanan müzakirələri alqışlayıb.
Liderlər Mİnsk qrupu həmsədrlərinin təklifini qəbul edib və yaxın zamanda ATƏT-in xətti ilə görüşəcəklər”, - deyə bəyanatda qeyd olunur.