Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astara rayonuna səfərə gəlib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda görülən işlər barədə məlumat verib.
----------
Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevə məlumat verildi ki, “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Konxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.
Burada, həmçinin Cənubi Koreya şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 4,5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir çəkici-bükücü avadanlıq quraşdırılıb. İstismara verildikdən sonra fabrikdə çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.
Qeyd olundu ki, çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Yüz ildən çox ömrü olan çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir. Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk növbədə Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradacaq. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.
Diqqətə çatdırıldı ki, müəssisənin Lənkəran rayonu ərazisində 60 hektar sahədə taxıl səpini də aparılıb və ötən il 120 tona yaxın məhsul toplanıb. Burada, həmçinin ötən il ilk dəfə olaraq 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri yerli mütəxəssislərlə birgə həyata keçiriblər. Əkin sahəsində yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan istifadə edilib. Çəltik sahələrindən 102 ton məhsul toplanıb və orta məhsuldarlıq 51 sentner təşkil edib. Cari ildə 200 hektara yaxın sahə çəltik səpini üçün hazırlanır. Bunun üçün xüsusi texnikalar da alınıb.
Həmçinin Astara rayonu ərazisində gündəlik istehsal gücü 10 ton olan düyü dəyirmanı əsaslı şəkildə təmir edilərək genişləndirilib və 10,5 ton çəltik tutumu olan 3 ədəd qurutma aqreqatı quraşdırılıb. Bununla yanaşı, Astarada 76 hektar, Lənkəranda 15 hektar olmaqla cəmi 91 hektar sahədə feyxoa, 6 hektar portağal və 3 hektar naringi tingi əkilib.
Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
----------
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astarada Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyev 2013-cü ildə müvafiq Sərəncam imzalayıb və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılıb. Ötən il dövlətimizin başçısının imzaladığı digər Sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı bu yolun inşasına yönəldilib.
Tikintisinə 2013-cü ildə başlanan avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.
----------
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astaranın dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsi ilə müşayiət olunur. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində yeni park və xiyabanların salınmasına, mövcud olanların isə yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlər sırasında Astarada dənizkənarı park-bulvar kompleksinin salınması mühüm əhəmiyyət kəsb edir.
Şəhərin mərkəzində yerləşən bu mədəniyyət və istirahət kompleksində yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yaradılan bu dənizkənarı park-bulvar kompleksi ilk növbədə şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və şəhərə xüsusi yaraşıq verən bu istirahət ocağı Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahil boyunca bir kilometr uzunluğunda olan ərazini əhatə edir. Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanıb və artıq tikinti-quraşdırma işləri başa çatdırılıb. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları da qoyulub.
Prezident İlham Əliyev park-bulvar kompleksində görülən işlərdən məmnunluğunu bildirdi, tapşırıq və tövsiyələrini verdi.
----------
Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları isə Bakıdan gəmi ilə daşınıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və ağ daş materiallarına üstünlük verilib. Üçmərtəbəli bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu quraşdırılmaqla elektrik enerjisi ilə təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası, tədricən aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşmüşdü.
Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin aprel ayında başa çatdırılıb.
----------
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi, mədəniyyət sferasına da xüsusi diqqət göstərilir. İndi paytaxtla yanaşı, respublikanın hər yerində yerləşən mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında əsaslı yenidənqurma işlərinin aparılması ölkədə mədəniyyət və incəsənətin inkişafına diqqətin daha bir təzahürüdür. Lənkəranın ictimai-siyasi və mədəni həyatında Mədəniyyət Mərkəzinin böyük rolu olub. 1982-ci ildə istifadəyə verilən mərkəz uzun müddət Lənkəran şəhər 2 nömrəli Mədəniyyət Evi adı ilə fəaliyyət göstərib. O vaxtdan keçən dövr ərzində burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradılıb. Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir işlərinə 2014-cü ilin aprelində başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Bölgələrdə mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni mədəni infrastrukurun yaradılması regionlarda bu sahənin hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.
Dövlətimizin başçısına Mədəniyyət Mərkəzində yaradılan şərait barədə ətraflı məlumat verildi. Bildirildi ki, burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Lənkərana səfərlərindən və ölkədə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Üç mərtəbəli bina ən yüksək səviyyədə, müasir üslubda təmir edilib. 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait var. Bu, ümumilikdə rayonun incəsənət və mədəniyyət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul, həm də geniş imkanlar yaradır.
Diqqətə çatdırıldı ki, Lənkəranda tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq, Mərkəzdə rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Buradakı rəqs zalı, ingilis dili, kompüter kursu və digər dərnəklər gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.
Bildirildi ki, burada etnoqrafiya sərgisi də yaradılıb. Bu sərgi Lənkəranın qədim tarixi haqqında geniş məlumatlar əldə etməyə imkan verəcək. Son illər ölkəmizdə mədəniyyətin inkişafına göstərilən yüksək diqqət özünü mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlarin qayğı ilə əhatə olunmasında, həmçinin ölkəmizin beynəlxalq səviyyəli mədəni tədbirlərə ev sahibliyi etməsində daha çox büruzə verir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr xüsusi önəm kəsb edir. Bölgələrdə müasir mədəniyyət ocaqlarının yaradılması bu sahənin regionlarda da hərtərəfli inkişafına töhfələr verir. Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzi də bu baxımdan əhəmiyyətlidir.
Prezident İlham Əliyev Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
----------
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, uşaq bağçasının inşasına 2013-cü ilin dekabrında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Ərazisi 0,7 hektar olan bağça 3 binadan ibarətdir. Burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 110 uşaq 11 qrupda təlim-tərbiyə alacaq. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcək. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir.
Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı tikilib və transformator yarımstansiyası quraşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərdən razılığını bildirdi.
----------
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 11-də Lənkəran şəhərinə səfəri çərçivəsində yeni yaradılan “Gilan aqro-sitrus” təsərrüfatı ilə tanış olub.
Bildirildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində ölkəmizdə qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Bütövlükdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin “2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında” Sərəncam imzalaması da dövlətin aqrar sahəyə diqqətinin növbəti əyani göstəricisidir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Artıq “Kənd təsərrüfatı ili”nə dair tədbirlər planı da təsdiqlənib. Plana uyğun olaraq aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. “Kənd təsərrüfatı ili” çərçivəsində iri təsərrüfatların yaradılması da nəzərdə tutulur. Bu isə fermer və kəndli təsərrüfatlarına maddi-texniki dəstəyin daha da artmasına və ərzaq istehsalının həm daxili, həm xarici bazar üçün təminatına şərait yaradır. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin inkişafına təkan verəcək, onun modernləşdirilməsini sürətləndirəcək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin edəcək. Tədbirlər planına uyğun olaraq Lənkəranda yeni “Gilan aqro-sitrus” təsərrüfatı yaradılıb.
Məlumat verildi ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib. Təsərrüfatda işlər davam etdirilir. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulur. Ərazidə plakatlar, meyvələr və onlardan hazırlanan məhsullardan ibarət sərgi nümayiş etdiriləcək.
Bildirildi ki, sitrus təsərrüfatının ümumi smeta dəyəri 10 milyon manatdır. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılacaq və 2000 yeni daimi iş yerinin yaranmasına imkan verəcək. Burada suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçiriləcək, sonradan bununla yanaşı çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən məhsuldar sitrus növlərindən yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr əldə ediləcək. Bu növlərin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan Gilan-Lənkəran konserv zavodunda meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcək. Bu da 180 min nəfərin illik istehlak normasına bərabərdir.
----------
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Lənkərana səfəri çərçivəsində Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə tanış olub.
Əvvəlcə dövlətimizin başçısı avtomobil yolunun sxematik planı ilə tanış oldu. Bildirildi ki, uzun illər təmir işləri aparılmaması nəticəsində yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2013-cü il 13 sentyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan 2 milyon manat və 2014-cü il 6 noyabr tarixli digər Sərəncamına əsasən isə dövlət büdcəsindən 3,6 milyon manat, ümumilikdə 5,6 milyon manat vəsait ayrılıb. Yolun tikintisinə 2013-cü ilin oktyabr ayında başlanılıb, tikinti işləri bu ilin aprelində başa çatdırılıb.
Məlumat verildi ki, yolun inşası zamanı ən müasir texnoloji üsullardan istifadə edilib, işin keyfiyyətlə və qısa müddətdə görülməsinə xüsusi diqqət yetirilib. 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun ümumi uzunluğu 18,8 kilometr, eni 6 metrdir. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı ətrafındakı bataqlıq qurudulub, əraziyə torpaq tökülərək mindən çox həmişəyaşıl küknar ağacları əkilib.
Bu cür kəndarası yolların inşası sosialyönümlü tədbirlər olmaqla yanaşı, eyni zamanda ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkədə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın hər bir bölgəsini, rayonunu və kəndini əhatə edir, həmçinin regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
----------
Rayon ictimaiyyətinin nümayəndələri Astaranın hərtərəfli inkişafının daim diqqət mərkəzində saxlandığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi.
Prezident İlham Əliyev: Yaxşı işləmisiniz. Görürəm ki, medallarınız çoxdur. Harada, hansı sahədə işləmisiniz?
Sakin: Fermada işləmişəm, kənd təsərrüfatı sahəsində.
Prezident İlham Əliyev: Yəni, yaxşı işləmisiniz ki, sizi o vaxt təltif ediblər.
Sakin: Bəli, ulu öndər Heydər Əliyevin dövründə işləmişəm.
Prezident İlham Əliyev: Lap yaxşı. Bəs o vaxtdan çayçılıqda işləyənlər var?
Sakin: Bu şəkildə gördüyünüz kimi, düz 33 il bundan əvvəl biz Ulu Öndəri bu məkanda qarşılamışdıq. O vaxt bizimlə çox səmimi söhbət etdi. Onun bizə bir tövsiyəsi oldu ki, çayçılıq, çay bitkisi çox müqəddəs bitkidir. Onun halallığa çox ehtiyacı var. Bu gün mən çox şadam, ümumiyyətlə, astaralıların hamısı çox şaddır ki, Siz onun tövsiyəsini davam etdirirsiniz. Çayçılıq bizim rayona xas olan təsərrüfatdır. Rayonun iqlimi buna imkan yaradır. Çayçılığın inkişafına göstərdiyiniz diqqətə görə çox sağ olun. Biz daim Sizi dəstəkləyirik. Allah Sizi qorusun. Bir daha Astaraya xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Cənab Prezident, xoş gəlmisiniz, Sizin ziyarətiniz də qəbul olunsun. Bu bölgə bizim üçün əzizdir, müqəddəsdir. Sizin gəlişiniz bu bölgəni bizim üçün daha da təravətləndirdi. İlk çay bitkisi 1812-ci ildə məhz bu bölgədə əkilib. İndi Sizin qayğınızın nəticəsində biz çayçılığı inkişaf etdiririk. Sizin tapşırığınızla cənub bölgəsində çayçılığın genişləndirilməsi regionların inkişafı ilə bağlı Dövlət proqramına daxil edildi. Həmin ildən biz yeni plantasiyalar salmağa başladıq. Sizin sayənizdə qısa müddətdə 450 hektar çay plantasiyası salmışıq. Gördüyünüz bu çay fabriki də şəxsən Sizin sayənizdə tikilib. İnanın ki, indiyədək belə bir fabrik bu bölgədə, respublikada olmayıb.
Prezident İlham Əliyev: Heç vaxt olmayıb.
Sakin: Hamısı Sizin diqqətiniz sayəsində olub.
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra belə fabriklərin sayı çox olacaq - həm burada, həm digər yerlərdə. Çünki çayçılıq bizim ənənəvi kənd təsərrüfatı sahəmizdir. Çox istəyirəm ki, həm daxili bazarı biz özümüz təmin edək, həm də ixrac edək. Xaricdə də görsünlər ki, Astara çayı nə qədər gözəldir, ləzzətlidir, keyfiyyətlidir. Çünki bizdə, ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının hamısı keyfiyyətlidir. İndi bəzi xarici ölkələrdə məhsullara o qədər kimyəvi maddələr vurur, məhsulu artırmaq üçün o qədər müxtəlif yollara əl atırlar ki, məhsul da öz keyfiyyətini, dadını itirir. Azərbaycanda bütün meyvə, tərəvəz, kənd təsərrüfatı məhsulları təbiidir, gözəldir, keyfiyyətlidir, o cümlədən də çay. Ona görə çox istərdim ki, biz Astara çayını dünyanın aparıcı ölkələrinin mağazalarında görək. Belə fabriklə buna nail olmaq mümkün olacaq. Şadam ki, biz bu gün bu ənənəni bərpa edirik. Siz tamamilə haqlısınız ki, Ulu Öndər həmişə bu bölgədə olarkən deyirdi ki, çayçılıq çox əhəmiyyətli sahədir.
Sakin: Astaraya səfərləri zamanı birinci olaraq çay plantasiyasına gəlirdi.
Prezident İlham Əliyev: Sonra - 1990-cı illərdə Azərbaycana qayıdanda da çox heyfsilənirdi ki, bu sahəyə lazımi diqqət göstərilməmişdir. Demək olar ki, biz çayçılığı itirirdik. Biz gərək onun siyasətini davam etdirək. Çalışırıq ki, davam etdirək. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir. Görürəm, burada xarici mütəxəssislər də var, sizi də salamlayıram. Sağ olun, siz də bizə kömək edirsiniz. Təbrik edirəm.
----------
Kollektivin üzvlərini və rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:
- Astarada yenidən olmağımdan çox məmnunam. Şadam ki, Azərbaycanda belə gözəl müəssisə yaradılıb. Fabrik demək olar ki, tam hazırdır, yaxın zamanlarda işə başlayacaq. Beləliklə, Astarada çayçılığın bərpası işi uğurla gedəcək.
Astarada çayçılığın çox qədim və gözəl ənənələri var. Sovet dövründə böyük çay plantasiyaları salınmışdır. Əfsuslar olsun ki, sonrakı dövrdə bu sahə bir qədər tənəzzülə uğramışdır. Biz məcbur olub çayı xaricdən idxal etməyə başlamışdıq. Amma indi belə gözəl müəssisələr yarandıqda əminəm ki, Azərbaycan yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcək.
Bütün avadanlıqlar çox müasirdir, xarici mütəxəssislər də bu işlərdə böyük fəallıq göstərmişlər. Onların dəstəyi də çox önəmlidir. Bu fabrikdə və çay plantasiyalarında mindən çox insan işlə təmin olunacaq. Beləliklə, biz bir neçə məqsədi güdmüş oluruq. İlk növbədə, yerli istehsal yaranır, ənənəvi kənd təsərrüfatı sahəsi olan çayçılıq bərpa edilir. Eyni zamanda, kənd təsərrüfatının inkişafına təkan veriləcək. Bu, sənaye müəssisəsidir. Burada həm kənd təsərrüfatı, həm sənaye sahələri birləşir. Bu il Azərbaycanda “Kənd təsərrüfatı” ilidir, keçən il “Sənaye ili” elan edilmişdi. Bizim siyasətimiz bax, bu çay fabrikində öz əksini tapır.
Kifayət qədər investisiyalar qoyulmuşdur, sahibkarlıq özünü göstərir. Yəni, dövlət də sahibkarlığa kömək göstərir. Eyni zamanda, sahibkarlar da çalışırlar ki, öz doğma Vətəninə xidmət göstərsinlər. Həm özləri mənfəət götürsünlər, həm də dövlət üçün xeyir versinlər.
Son illər ərzində regionların inkişafı proqramı çərçivəsində çox işlər görülüb. Əsas məqsəd yerli istehsalın, iş yerlərinin yaradılması və ixrac potensialımızın gücləndirilməsidir. Əminəm ki, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır, bizim maliyyə vəziyyətimiz kifayət qədər yaxşıdır. İlin birinci rübünün yekunları da çox müsbətdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Gələcəkdə biz kənd təsərrüfatının, sənayenin, qeyri-neft sektorunun hesabına daha da inkişaf edəcəyik.
Mən çox şadam ki, son illərdə cənub bölgəsində gördüyümüz işlər nəticəsində böyük infrastruktur layihələri icra edilmişdir. Astarada on ildən çoxdur ki, elektrik stansiyası fəaliyyət göstərir. Qazlaşdırma uğurla gedir. Astara rayonunun qazlaşdırılması 75 faiz səviyyəsindədir. İndi içməli su layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Astara təmiz içməli su ilə təmin ediləcək. Yollar çəkilir, Bakı-Astara magistral yolu inşa edilir. Biz bu layihəni müəyyən mərhələlərə bölmüşük. İş yerlərinin, yerli istehsalın yaradılması da əlbəttə ki, diqqət mərkəzindədir.
Belə kompleks yanaşma imkan verir ki, Azərbaycan iqtisadiyyatı neft amilindən daha az asılı olsun və dayanıqlı inkişaf təmin edilsin. Bununla bərabər, Astarada gözəl abadlıq işləri aparılır, bulvar salınıbdır, mən bunu alqışlayıram. Bu, insanların rahatlığı, istirahəti üçün gözəl bir təşəbbüsdür. Bildiyiniz kimi, indi Azərbaycanın müxtəlif yerlərində bulvarlar salınır. Vaxtilə bir bulvarımız var idi - Bakı bulvarı.
Onun uzunluğu təqribən 3,5 kilometr idi. Bir aydan sonra Bakıda yeni açılışlar olacaq. Biz bulvarı genişləndiririk və Bakı bulvarının uzunluğu 16 kilometr olacaq. Digər şəhərlərdə, çaylar boyu yerləşən şəhərlərdə, dəniz kənarındakı şəhərlərdə bulvarlar salınır. Mən bunu alqışlayıram. Bu, gözəllikdir, müasirlikdir, insanların rahat yaşaması üçün edilən gözəl hədiyyədir.
Abadlıq, quruculuq, sosial infrastruktur. Yadımdadır, keçən dəfə Astarada olarkən xəstəxananın açılışını qeyd etmişdik. Məktəblər tikilir, kənd yolları salınır. Demək olar ki, Astara rayonunun əksər kəndlərini birləşdirən kənd yolları tikilibdir, biri bu gün açılacaq. Biz digər kənd yollarının da tikintisinə nail olacağıq ki, Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmasın. Məqsəd bundan ibarətdir. Son illərdə bu sahəyə kifayət qədər böyük vəsait ayrılmışdır. Yollar tikilir, çünki yol olmasa inkişaf da olmaz. Eyni zamanda, yol olanda insanlar özlərini daha da rahat hiss edirlər. Yol həm sosial, həm də iqtisadi layihədir. İnfrastruktur layihələri bizim fəaliyyətimizin birinci mərhələsində ona görə prioritet daşıyırdı, çünki onlar olmasa inkişaf mümkün deyil. Biz elektrik stansiyaları tikməsəydik, bu gün bu müəssisənin də yaradılmasına heç bir imkan olmazdı. Çünki enerji generasiyası, qaz xətləri, infrastruktur, yollar - bunlar hər bir ölkənin inkişafını şərtləndirir. Ondan sonra isə dövlət investisiyalarının yatırılması, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, belə gözəl müəssisələrin yaradılması prosesi başlamışdır.
Qeyd etdiyim kimi, burada mindən çox insan işlə təmin ediləcək. Bu, işsizliyin aradan qaldırılması üçün çox gözəl addımdır. Eyni zamanda, ənənəvi olaraq çay plantasiyalarında qadınlar daha çox işləyirdi, fəaliyyət göstərirdi. Bu da çox vacibdir ki, ailədə hər iki valideyn işlə təmin edilsin. Qadınlar üçün çay plantasiyalarında işləmək Azərbaycanda ənənəvi xarakter daşıyan haldır. Hesab edirəm ki, müasir şəraitdə işləmək, əlbəttə, hər bir insan üçün çox önəmlidir. Gözəl müəssisədir, əminəm ki, burada insanlara, fəhlələrə yaxşı baxacaqlar, onların maaşı da, yeməyi də, iş şəraiti də yaxşı olacaq. Əminəm ki, bu fabrik gələcəkdə öz fəaliyyətini genişləndirəcək. Çünki həm Lənkəranda, həm Astarada, digər yerlərdə imkanlar genişdir, kənd təsərrüfatı, çayçılıq. Siz burada, eyni zamanda, çəltikçiliklə də məşğulsunuz. Bu da çox önəmlidir, bu zonanın ənənəvi kənd təsərrüfatı sahəsidir. Ölkəmiz bax, bu cür inkişaf edəcək, o cümlədən Astara.
Astara gözəl rayondur, Azərbaycanın gözəl guşəsidir, gözəl təbiəti, iqlimi, insanları var. Çox şadam ki, burada həm abadlıq işləri görülür, eyni zamanda, gözəl müəssisələr yaradılır. Bu, mənim Astaraya son illər ərzində yeddinci səfərimdir. Bu, özlüyündə sübut edir ki, Astaraya nə qədər böyük diqqət göstərilir. Mən bundan sonra da burada gedən işləri daim nəzarətdə saxlayacağam.
Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm.
----------
Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevə məlumat verildi ki, “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.
Burada, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sex də müasirliyi ilə diqqəti çəkir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.
Qeyd olundu ki, çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Yüz ildən çox ömrü olan çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Respublikamızda çayçılığın inkişafında sovet dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər də mühüm rol oynayıb. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir. Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk növbədə, Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradır. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.
Prezident İlham Əliyevin diqqətinə o da çatdırıldı ki, müəssisənin Lənkəran ərazisindəki 60 hektar sahədə taxıl səpini də aparılıb və ötən il 120 tona yaxın məhsul toplanıb. Burada, həmçinin ötən il ilk dəfə olaraq 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri yerli mütəxəssislərlə birgə həyata keçiriblər. Əkin sahəsində yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan istifadə edilib. Çəltik sahələrindən 102 ton məhsul toplanıb və orta məhsuldarlıq 51 sentner təşkil edib. Cari ildə 200 hektara yaxın sahə çəltik səpini üçün hazırlanır. Bunun üçün xüsusi texnikalar da alınıb.
Həmçinin Astara rayonu ərazisində gündəlik istehsal gücü 10 ton olan düyü dəyirmanı əsaslı şəkildə təmir edilərək genişləndirilib və 10,5 ton çəltik tutumu olan 3 qurutma aqreqatı quraşdırılıb. Bununla yanaşı, Astarada 76 hektar, Lənkəranda 15 hektar olmaqla cəmi 91 hektar sahədə feyxoa, 6 hektarda portağal və 3 hektarda naringi tingi əkilib.
Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
----------
Şəhər ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:
- Bu gün çox gözəl gündür. Lənkəranda Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra açılır. Gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox şadam ki, bu bina yenidən qurulub, bərpa edilib. Bildiyiniz kimi, bina 1970-ci illərdə tikilmişdir və təmirə ehtiyacı var idi. Hazırda bu, ən yüksək səviyyədə qurulmuş bir Mədəniyyət Mərkəzidir. Zallar, geniş otaqlar, iclas zalları. Burada konfranslar, konsertlər, müxtəlif tədbirlər keçiriləcək. Yəni, Lənkərana yaraşan bir mədəniyyət ocağıdır. Bu, məni çox sevindirir. Çünki Azərbaycanın hər bir yerində mədəniyyət ocaqlarının təmiri, bərpası sürətlə gedir, geniş vüsət almışdır. Həm qədimdən qalan tarixi abidələr, eyni zamanda, sovet dövründə tikilmiş mədəniyyət mərkəzləri də təmir olunur, yenidən qurulur. Bu gün Lənkəranda Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkdim. Bu da tarixi binadır. Gözəl təmir olunub, uzun illər təmirə ehtiyacı var idi. Orada göstərilən fotoşəkillər o tarixi binanın köhnə görüntülərini əks etdirir. Burada, bu binanın həyətində də onun əvvəlki vəziyyətini əks etdirən şəkillər var.
Bu gün isə mənzərə tam fərqlidir. Bu gün Lənkəranda və demək olar ki, ölkəmizin hər bir yerində tarixi-mədəni obyektlərimiz bərpa edilir və bu, belə də olmalıdır, xüsusilə Lənkəranda. Lənkəranın çox qədim mədəniyyəti, tarixi var. Biz bu mədəniyyəti, tarixi qoruyuruq. Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar göstərir ki, bu diyarın nə qədər zəngin tarixi və mədəni irsi var.
Son illərdə bütövlükdə Lənkəranda görülən işlər ölkəmizin ümumi inkişaf dinamikasını əks etdirir. Son vaxtlar cənub bölgəsində, xüsusilə Lənkəranda infrastruktur layihələrinin icrası sürətlə aparılmışdır. Bu gün deyə bilərik ki, əsas infrastruktur layihələri icra edilib. İki il bundan əvvəl şəhərə içməli suyun verilməsini qeyd etmişik. İndi şəhər içməli su ilə tam şəkildə təmin edilib. Qazlaşdırma sürətlə gedir. Şəhər tam qazlaşdırılıb. Kənd əhalisinin təxminən 80 faizi artıq təbii qaz alır, ilin sonuna qədər yəqin ki, 100 faizə yaxın bir rəqəm ortaya çıxacaq. Eyni zamanda, bu ilin əvvəlində “Azərişıq” qurumunun yaradılması nəticəsində hazırda bütün bölgələrdə elektrik enerjisi ilə təchizatla bağlı əlavə tədbirlər görülür. Vaxtilə biz kifayət qədər böyük həcmdə generasiya gücləri yaratmışıq, o cümlədən bu bölgədə “Astara” elektrik stansiyası, “Şirvan” elektrik stansiyası. Yəni, elektrik güclərimiz kifayət qədər böyükdür. Ancaq ötürücü xətlərin, transformatorların yenilənməsinə böyük ehtiyac var idi. Hazırda “Azərişıq” bu işlərə çox fəal qoşulub. Əminəm ki, bir neçə ildən sonra bizim bütün bölgələrimizdə elektrik enerjisi ilə təminat Bakıda olan səviyyəyə qalxacaq.
Kənd yollarının tikintisi gedir. Lənkəranda bir neçə kənd yolu layihəsi icra edilmişdir. Bu da əlbəttə ki, həm inkişafa təkan verir, eyni zamanda, böyük sosial məna daşıyır. Çünki Azərbaycan əhalisinin təxminən 50 faizi aqrar bölgələrdə, kəndlərdə yaşayır. Kənd yolları layihəsi, ümumiyyətlə, bütün ölkəmizi əhatə edibdir.
Hazırda Bakı-Astara magistral avtomobil yolu tikilir. Əminəm ki, yaxın illərdə istifadəyə veriləcək. Beləliklə, avtomaşınla gəlib-getmək üçün daha da gözəl imkan olacaq. Lənkəran aeroportu artıq neçə ildir ki, fəaliyyət göstərir. Aeroport sovet dövründə tikilmişdi, amma sonra fəaliyyət göstərmirdi. Yadımdadır, aeroportun ərazisinə baş çəkəndə gördüm ki, hər şey dağılıb və o vaxt qərar qəbul etdim ki, biz yenidən aeroport tikməliyik. Müxtəlif fikirlər var idi ki, bəs bu qədər vəsait qoyulacaq, kim istifadə edəcək, yəni, sadəcə olaraq, bir tikinti obyekti kimi istifadəsiz qalacaq. Amma bu gün biz görürük ki, bunun nə qədər böyük əhəmiyyəti var. Lənkərandan birbaşa Moskvaya, Rusiyanın digər şəhərlərinə və başqa yerlərə uçuşlar təşkil edilir. Nəinki lənkəranlılar, bütün cənub zonasının sakinləri bu aeroportun xidmətindən istifadə edirlər. Biz ən müasir təyyarələr almışıq. Ölkəmizdə 7 aeroport tikilib. Onlardan 5-i beynəlxalq statusa malikdir, biri də Lənkəran aeroportudur.
Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq. Əlbəttə, sosial sahə heç vaxt yaddan çıxmır, əksinə, həmişə bizim prioritetimiz kimi qalır. Lənkəranda Mərkəzi Rayon Xəstəxanası yaradılmışdır. Ondan əvvəl Diaqnostika Mərkəzi yaradılmışdır. Birinci Diaqnostika Mərkəzi məhz Lənkəranda yaradılmışdır. Uşaq xəstəxanası, məktəblər, mədəniyyət ocaqları tikilir. Yəni, bu cür yanaşma imkan verir ki, ölkəmizin hər bir regionu, hər bir rayonu hərtərəfli inkişaf etsin. Eyni zamanda, hər bir rayonda normal yaşamaq, işləmək üçün bütün şərait yaradılır.
Bu gün mən, eyni zamanda, Lənkəranda yaradılan yeni kənd təsərrüfatı layihəsinə də fikir verdim, tanış oldum. Bu da bir yenilik olacaq. Xarici mütəxəssislərin dəstəyi ilə burada müasir texnologiyalar əsasında meyvə bağları salınır. Əlbəttə, bu, həm Lənkəranın iqtisadiyyatına, eyni zamanda, ixrac potensialına da müsbət təsir göstərəcək. Çünki biz çalışmalıyıq ki, bundan sonra öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edək.
Bizim əlbəttə, böyük enerji resurslarımız, neft–qaz yataqlarımız var. Bu gün bunlar Azərbaycan xalqına xidmət edir və dünya miqyasında öz rolunu oynayır. Eyni zamanda, gözəl təbii şəraitimiz, Lənkəran kimi gözəl məkanımız var. Digər bölgələrdə də təbii şərait unikaldır. Xoşbəxtik ki, belə gözəl ölkədə yaşayırıq - 9 iqlim qurşağı, hər cür təbii şərait, münbit torpaqlar, dağlar, çaylar, Xəzər dənizi, bulaqlar var. Yəni, bu, böyük sərvətdir və biz bu sərvətdən səmərəli şəkildə istifadə edirik.
Bu gün Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü müəyyən edir. Azərbaycan xalqı da görür ki, biz ancaq müstəqillik dövründə yaxşı yaşaya bilərik. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və Azərbaycan xalqı öz potensialını tam realizə edə bilmirdi. İyirmi üç ildir ki, müstəqil dövlət kimi yaşayırıq və bu gün çiçəklənən Azərbaycan bu müstəqilliyin bəhrəsidir. Biz müstəqilliyi qoruyuruq, qoruyacağıq. Bizim yolumuz inkişaf yoludur, ölkəmiz inkişafdadır, hər bir bölgə inkişafdadır. Birinci regional inkişaf proqramı hələ 2004-cü ildə qəbul edilmişdi və 11 il keçəndən sonra hər kəs bu gün hər bir rayonda bu proqramın nəticələrini görür. O ki qaldı Lənkəranın gələcək inkişafına, biz çalışacağıq ki, əlavə investisiyalar qoyulsun. Dövlət tərəfindən infrastruktur layihələri davam etdiriləcək. Hələ ki, məktəb tikintisinə, təmirinə ehtiyac var, kənd yollarına vəsait qoyulacaq, şəhərdaxili yollar da gərək təmir olunsun. Mənzil fondunun bərpası məsələləri var. Yəni, hələ görüləsi işlər çoxdur. Ancaq əsas infrastruktur layihələri artıq arxada qalıb. Biz onları icra etmişik.
Biz Lənkəranın turizm potensialından da maksimum dərəcədə istifadə etməliyik. Çünki Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır, indi 2 milyondan çoxdur. Lənkəran Beynəlxalq Aeroportu da bir vasitə olacaq ki, biz xarici turistləri cəlb edək. Daxili turizm də inkişaf etməlidir. Təkcə bu məqsədlə yox, eyni zamanda, ölkəmizi gənclər daha yaxşı tanısınlar deyə, biz indi “Ölkəmizi tanıyaq” proqramını icra edirik. Müxtəlif bölgələrdən gənclər Lənkərana, Lənkərandan isə başqa zonalara səfərlər edirlər. Gələcəkdə bu, daxili turizmin inkişafına da təsir göstərəcək. Yəni, təbii sərvətlərimizdən səmərəli şəkildə istifadə edərək ölkəmizi daha da gücləndirməliyik, insanların daha da yaxşı həyatını təmin etməliyik.
Lənkəranın inkişafı daim diqqət mərkəzindədir. Bu, son 11 il ərzində mənim Lənkərana 10-cu səfərimdir. Bu, özlüyündə göstərir ki, bu bölgəyə, bu şəhərə nə qədər diqqət göstərilir. Görəndə ki, belə gözəl, müasir abidələr yaradılıb sizin qədər mən də sevinirəm. Təbrik edirəm və yeni uğurlar arzulayıram.
----------
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub.
Bildirildi ki, bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi, mədəniyyət sferasına da xüsusi diqqət göstərilir. İndi paytaxtla yanaşı, respublikanın hər yerində yerləşən mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında əsaslı yenidənqurma işlərinin aparılması ölkədə mədəniyyət və incəsənətin inkişafına diqqətin daha bir təzahürüdür. Lənkəranın ictimai-siyasi və mədəni həyatında Mədəniyyət Mərkəzinin böyük rolu olub. 1982-ci ildə istifadəyə verilən mərkəz uzun müddət Lənkəran şəhər 2 nömrəli Mədəniyyət Evi adı ilə fəaliyyət göstərib. O vaxtdan keçən dövr ərzində burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradılıb. Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir işlərinə 2014-cü ilin aprelində başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Bölgələrdə mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni mədəni infrastrukurun yaradılması regionlarda bu sahənin hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.
Dövlətimizin başçısına Mədəniyyət Mərkəzində yaradılan şərait barədə ətraflı məlumat verildi. Bildirildi ki, burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Lənkərana səfərlərindən və ölkədə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Üçmərtəbəli bina ən yüksək səviyyədə, müasir üslubda təmir edilib. 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait var. Bu, ümumilikdə rayonun incəsənət və mədəniyyət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul, həm də geniş imkanlar yaradır.
Dövlətimizin başçısı Lənkəran şəhər uşaq musiqi məktəblərinin birləşmiş xorunun ifasını dinlədi.
Sonra Prezident İlham Əliyev məktəblilərlə xatirə şəkli çəkdirdi.
Diqqətə çatdırıldı ki, Lənkəranda tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq, Mərkəzdə rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Buradakı rəqs zalı, ingilis dili, kompyuter kursu və digər dərnəklər gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.
Bildirildi ki, burada etnoqrafiya sərgisi də yaradılıb. Bu sərgi Lənkəranın qədim tarixi haqqında geniş məlumatlar əldə etməyə imkan verəcək. Son illərdə ölkəmizdə mədəniyyətin inkişafına göstərilən yüksək diqqət özünü mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanların qayğı ilə əhatə olunmasında, həmçinin ölkəmizin beynəlxalq səviyyəli mədəni tədbirlərə ev sahibliyi etməsində daha çox büruzə verir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr xüsusi önəm kəsb edir. Bölgələrdə müasir mədəniyyət ocaqlarının yaradılması bu sahənin regionlarda da hərtərəfli inkişafına töhfələr verir. Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzi də bu baxımdan əhəmiyyətlidir.
Prezident İlham Əliyev Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.