Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcək.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı yekun çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycanda tədbirlər görülür, islahatlar aparılır, inzibati metodlar, cəza tədbirləri görülür:
“Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcək. Mən “ASAN xidmət”-in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”-ə bir milyon müraciət olub. Tam şəffaflıq təmin edilib, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”-in funksiyaları bundan sonra da genişlənəcək. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar”.
Prezident bəyan edib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır:
“Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır”.
İlham Əliyev xəbərdarlıq edib ki, cəza tədbirləri görülür və görüləcəkdir:
“Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.