Azərbaycanın prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun keçmiş baş katibi Koişiro Matsuuranı qəbul ediblər.
Oxu.Az verir ki, görüşdə UNESCO-nun keçmiş baş katibi Koişiro Matsuura prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu məmnunluqla qeyd edib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü də ehtiramla xatırladıb.
Söhbət zamanı Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulanıb, bu tədbirin sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək dəyərləndirilib.
Azərbaycan Prezidenti və xanımı daha sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul ediblər.
Nassir Abdulaziz Al-Nasser ölkəmizə səfərindən ötən dövr ərzində Bakıda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Qonaq qeyd etdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar əldə edib və Bakıda keçiriləcək birinci Avropa Oyunları mühüm əhəmiyyət daşıyır. Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmindən danışan Nassir Abdulaziz Al-Nasser təmsil etdiyi qurumun Forumun etibarlı tərəfdaşı olmasından məmnunluğunu vurğuladı. O, ölkəmizdə millətlər, dinlər, mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşma siyasətinin davam etdirilməsi işini yüksək dəyərləndirdi, “Bakı prosesi”nə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Qonaq 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda dünyanın ən nüfuzlu qurumlarının və görkəmli şəxsiyyətlərinin iştirak edəcəklərini də bildirdi.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin fikirlərinə razılığını bildirən dövlətimizin başçısı ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi, 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi.
Görüşdə 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Dövlət başçısı və xanımı Mehriban Əliyeva bu gün mayın 17-də həmçinin UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər.
Görüşdə UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək dəyərləndirildi. Forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı məmnunluqla qeyd edildi. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Forumun əhəmiyyəti xüsusi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.