Son illərdə Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində köklü islahatlar həyata keçirilir. Bu islahatların bölgələri də əhatə etməsi nəticəsində regionlarda idmanla məşğul olanların sayının sürətlə artması müşahidə olunur.
İndi regionlarda müasir idman infrastrukturu yaradılır, yenilərinin təməli qoyulur. Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qubada Milli Qolf Klubunun yaradılması bunun əyani təsdiqidir.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev klubun rəmzi açılışını bildirən lenti kəsib.
Burada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, inşasına ötən il başlanılan klubun 44 qolf avtomobilindən ibarət parkı var.
Azərbaycan Prezidenti və xanımı elektromobillə klubun ərazisini gəzib.
Məlumat verilib ki, qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. İnzibati bölmədə idman avadanlığı mağazası və kafe var. Bu idman obyektinin Cənubi Qafqaz regionunda bənzəri yoxdur. Belə ki, bu idman qurğusu regionda 18 dəlikli ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılıb. Burada həm də qolf üzrə müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Milli Qolf Klubundakı şərait dünya standartlarına tam cavab verir. Buna görə də gələcəkdə burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür.
Belə bir obyektin yaradılması nəinki Qubanın, ümumilikdə bölgənin turizm sektorunun inkişafına mühüm töhfə verəcək. Bu, regional kiçik və orta biznesin yeni səviyyəyə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Burada Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.
www.oxu.az