Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlham Əliyev Qvineyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında fəal və uğurlu əməkdaşlıq etdiklərini deyib, bu çərçivədə qarşılıqlı dəstəyə əsaslanan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev əməkdaşlığımızın cəlbedici sahələrinin müəyyənləşdirilməsinin də zəruriliyini qeyd edib.
Ölkəmizdə Afrikadan çoxsaylı tələbələrin təhsil aldığını deyən dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları təqdim etdiyini bildirib, qvineyalı tələbələrin də bundan yararlana biləcəklərini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın özünün DOST və "ASAN xidmət" təcrübəsini bir sıra ölkələrlə bölüşdüyünü qeyd edərək, bu sahədə Qvineya ilə də əməkdaşlıq imkanlarının olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Qvineya Respublikasının Prezidenti Mamadi Dumbuyanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Qvineya Prezidentinə çatdırmağı xahiş edib.
Səfir Umar Kande Qvineya Prezidenti və ölkəsi adından təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və xalqına başsağlığını çatdırıb.
Umar Kande ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduğunu dedi və ölkəmizlə strateji tərəfdaşlığın qurulacağına ümidvar olduqlarını bildirib. O qeyd edib ki, bu isə öz növbəsində xüsusilə də BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında müştərək təşəbbüslərin irəli sürülməsinə xidmət edəcək. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizdən məmnunluğunu ifadə edən səfir ölkələrimiz arasında təhsil, mədənçilik, elektron hökumət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Söhbət zamanı ölkəmizin aidiyyəti iqtisadi qurumları ilə birbaşa əlaqələrin yaradılmasının, iqtisadi əməkdaşlıq perspektivlərinin araşdırılmasının və onun inkişaf etdirilməsi üçün iqtisadi sahə üzrə nümayəndə heyətlərinin mübadiləsinin vacibliyi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İqtisadi Şuranın iclası KEÇİRİLDİ: 2025-ci il üzrə Fəaliyyət Planı müzakirə OLUNDU
- Bəzi qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırıldı
- Fövqəladə Hallar Nazirliyinin bəzi əməkdaşlarının maaşı qaldırıldı
- Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırıldı
- Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşı artırıldı