Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev Sadır Japarova təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:
"31 Avqust - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qardaş Qırğızıstanda Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar və layihələr ölkənizin hərtərəfli inkişafına, xalqınızın sosial-iqtisadi tərəqqisinə və rifahına xidmət edir.
Gündən-günə genişlənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Qırğızıstan əlaqələri tarixən dostluq şəraitində yaşamış və bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən, bir-birinə bəslədiyi qarşılıqlı hörmətdən güc alır. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində birgə səylərimizlə inkişaf edərək yeni mərhələyə qədəm qoyması məmnunluq doğurur. Şübhəsiz, qarşılıqlı səfərlərimiz və mütəmadi görüşlərimiz bunun üçün yaxşı şərait yaratmışdır.
Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Əminəm ki, qardaş xalqlarımızın rifahı naminə birgə səylərimizlə mövcud tərəfdaşlıq potensialının reallaşdırılmasına, ənənəvi dostluq əlaqələrimizin və səmərəli işbirliyimizin daha da genişlənməsinə nail olacağıq.
İyulun əvvəlində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfərinizi və apardığımız müzakirələri yüksək qiymətləndirirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev və Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda iştirak ediblər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Pezeşkianın Bakı səfərindən görüntülər paylaşılıb
- Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Prezident Pezeşkian: "İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər"
- Azərbaycan Prezidenti: "Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir"