Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb.
Oxu.Az xəbər verir ki, iclasda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, iki dövlətin hökumət rəsmiləri iştirak edirlər.
Görüşün sonunda sənədlərin imzalanması gözlənilir.
13:16
Türkiyənin paytaxtı Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Oxu.Az xəbər verir ki, Esenboğa hava limanından süvari dəstəsinin müşayiəti ilə Türkiyə prezident sarayına gələn İlham Əliyev burada qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanıb.
İki dövlətin himninin səslənməsindən sonra fəxri qarovul dəstəsinin qarşısından keçən prezidentlər daha sonra nümayəndə heyətləri ilə tanış olublar.
Hazırda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü keçirilir.
12:52
Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saat 12:00-da “Bakı-1” adlı təyyarə ilə Ankaraya gələn Prezident İlham Əliyevi Esenboğa hava limanında Ərdoğanın köməkçisi Yalçın Akdoğan qarşılayıb.
11:49
Martın 15-də Türkiyənin paytaxtı Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, Türkiyə prezidentinin saytı artıq bugünkü səfərin proqramını açıqlayıb.
Bildirilir ki, Bakı vaxtı ilə saat 12:30-da Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olacaq.
Saat 12:45-də dövlət başçılarının görüşü, saat 13:45-də isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası başlayacaq.
Saat 15:00-da Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması, həmçinin birgə mətbuat konfransının keçirilməsi, saat 15:30-da isə rəsmi nahar yeməyi nəzərdə tutulur.