Azərbaycan dövlətinin prioritet istiqamətlərinin başında sosial siyasət gəlir desək, yanılmarıq. Lakin bu, sadəcə, fikirdə və sözdə deyil.
Fikrimizi prezident İlham Əliyevin son bir ildə bu istiqamətdəki fəaliyyətinə, fərman və sərəncamlarına nəzər salaraq daha təfsilatlı izah etməyə çalışacağıq.
Bu sahəyə sosial müavinətlər, təqaüdlər, pensiyalar və digərləri daxil olmaqla yanaşı, şəhid ailələri, məcburi qaçqın və köçkünlərin rifahı məsələləsini də aid edə bilərik.
Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, prezident İlham Əliyev təkcə son bir ildə deyil, prezidentliyinin bütün dönəmlərində şəhid ailələri və məcburi köçkün və qaçqınların problemlərinə daim həssas yanaşıb, ən xırda problemdə belə dərhal reaksiya verib, aidiyyəti qurumlara məsələnin araşdırılmasını, tez bir zamanda həll olunmasını tapşırıb.
Bundan başqa, onların işlə və evlə də təmin olunması məsələsi İlham Əliyev tərəfindən izlənilib.
Ölkə başçısı diqqətdən kənar qalan belə şəxslərin mətbuatda dərc olunan problemlərini də hər zaman nəzarətə götürüb. Dövlət başçısının reaksiyasından sonra hər zaman eyni problemi yaşayan şəxslərin məsələsi ilə bağlı aidiyyəti qurumlarda komissiya yaradılıb, dərhal həlli istiqamətində işlər görülüb.
Yəni prezidentin reaksiya verməsi ilə sadəcə bir məsələ deyil, eləcə də, oxşar problemlərin hamısı həllini tapıb.
Oxu.Az sosial sahə böyük miqyaslı olduğu üçün, hər bir hissəyə qısa nəzər salmağa çalışıb:
Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib və köklü dəyişikliklər baş verib. Yeni tərkibdə bir sıra məmur vəzifəsindən azad edilib, yeni təyinatlar baş tutub.
Bu dövrdə İlham Əliyevin imzaladığı fərman və sərəncamların əsas hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsinə istiqamətlənib.
İLK FƏRMAN - ŞƏHİD AİLƏLƏRİ
2018-ci ilin aprel ayında seçkilərdə qələbə qazandıqdan sonra prezident İlham Əliyevin ilk imzaladığı fərman şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmə ilə bağlı olub. Bununla həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərdiyini bir daha təsdiq edib.
Fərman 9543 şəhidin vərəsələrini əhatə edib. Daha sonra 2019-cu ilin yanvarında dövlət başçısı birdəfəlik ödəmə ilə bağlı yeni bir fərman imzalayıb. Bununla da şəhid vərəsələrinin sayı 12268 nəfərə və ayrılan vəsait 135 milyon manata çatdırılıb. 5491 şəhid üzrə 7894 vərəsəyə ödəmə verilib. 2019-cu il ərzində birdəfəlik ödəniş prosesi başa çatacaq.
Sonrakı dövrlərdə də İlham Əliyev və Mehriban Əliyeva şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün yeni mənzillər təqdim ediblər. Həmin mərasimdən bir gün sonra dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq 20 milyon manat vəsait ayrılması üçün sərəncam imzalayıb.
Nəticədə, 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulandan üç dəfə çox - 626 mənzil təqdim edilib.
ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ
Bu ilin yanvar ayında İlham Əliyev şəhid ailələri ilə görüşüb və həmin gün Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb. Prezidentin bu görüşü cəmiyyətdə xeyli müzakirə və təqdir olunub. Onun tədbirdə şəhid ailələrinə olan xüsusi qayğısı xeyli müddət foto və videolarla sosial şəbəkələrin müzakirəsində olub.
2019-cu ildə şəhid ailələrinə 800 mənzil verilməsi nəzərdə tutulur.
Yanvarın 30-da şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalanıb. Bununla şəhid ailəsi üçün 2019-cu il fevralın 1-dən aylıq məbləğ artırılaraq 300 manat müəyyən edilib.
Bu fərman 12 mindən çox şəhid ailəsini əhatə edir və artım 58 manatdır. Ayrılan əlavə vəsaitin məbləği isə 8,5 milyon manat təşkil edir.
ÖLKƏ BAŞÇISI ƏFV ETDİ
Ölkədə aparılan islahatlar məhkumluq həyatı yaşayan yerli və əcnəbi vətəndaşlara da şamil edilib. Bir il ərzində iki dəfə əfv sərəncamı imzalanıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə və Novruz Bayramı ərəfəsində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1038 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub.
YOLLAR XALQIN RİFAHININ YAXŞILAŞDIRILMASINA APARIR
11 ay ərzində ölkənin müxtəlif regionlarında abadlıq və quruculuq işlərinə 1 milyard 250 milyon 171 min manat vəsait ayrılıb. Xüsusilə avqust və oktyabrda regionlarda bir sıra əhəmiyyətli bina və komplekslərin inşası üçün ayrılan vəsaitin həcmi daha çox olub. Ayrılan vəsaitin ümumilikdə 680,898 min manatı yol tikintisinə sərf edilib.
ƏHALİNİN ƏN VACİB TƏMİNATI - QAZ, İŞIQ, SU
Bu gün ölkədə aparılan sosial islahatlar nəticəsində Azərbaycan bütün sektorlar üzrə nəinki özünü təmin edir, eyni zamanda, digər ölkələrə də dəstək verir. Respublika üzrə qaz, su, elektrik təchizatı sahəsində ötən illərlə müqayisədə, ciddi irəliləyişlər əldə olunub.
Ən ucqar rayonlarda belə təbii qaz verilişi və qazlaşdırmanın səviyyəsi 95 faizə, içməli su layihələrinin sürətli icrası ilə isə 70-80 faizə çatdırılıb. Ölkədə istər sosial, istərsə də digər sahələrdə aparılan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir.
QANUNSUZ TİKİLİLƏR - PREZİDENT TAPŞIRIĞI
Ölkədə bir sıra qanunsuz tikililərin qarşısının alınması istiqamətində çox ciddi tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
Belə ki, ötən il oktyabrın 9-da ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda o, qanunsuz tikililərlə bağlı çox sərt xəbərdarlıqlar edib, Bakıda və digər şəhərlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə belə olsun bina tikintisinə yol verilməyəcəyi barədə imzalanan müvafiq sərəncamı diqqətə çatdırıb.
“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, - deyə İlham Əliyevin bu sözləri əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb.
Ölkədə sosial rifah halının yaxşılaşdırılması ilə bağlı pensiya təyinatının avtomatlaşdırılması sahəsində müvafiq tədbirlər görülüb.
Prezidentin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatı avtomatlaşdırılıb. 2019-cu il yanvar 1-dən pensiya yaşına çatan şəxslərin 70 faizinə pensiya avtomatlaşdırılmış qaydada, heç bir yerə getmədən və heç bir sənəd təqdim etmədən avtomatik təyin olunur. Bugünədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.
İlham Əliyev və sosial islahatlar
İlham Əliyev Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yaradılması barədə göstəriş verib.
Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb.
Həmin vəsaitin 348 milyon 700 min manatı regionlarda yeni xəstəxana binalarının tikintisinə, eləcə də, təmirinə sərf edilib. Həmçinin, Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılmasına 11 milyon 468 min 300 manat ayrılıb. Bu il ölkədə 10 yeni xəstəxanana binasının açılışı gözlənilir.
Dekabrın sonunda “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” hazırlanıb.
Bu qeyd etdiklərimiz böyük bir sahənin, sadəcə, müəyyən və ən vacib hissələrini əhatə edir. Lakin sosial sahədə vətəndaşın xeyrinə atılan hər bir addım vacibdir. Prezident İlham Əliyevin bu sahədə atdığı addımlara qısa nəzər salmaqla sosial siyasətin mərkəzində vətəndaşın dayandığını görmək elə də çətin olmur.