Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfəri başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan prezidentini İstanbul hava limanında Türkiyənin rəsmi şəxsləri yola salıblar.
Xatırladaq ki, dövlət başçısı Türkiyəyə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Zirvə görüşündə iştirak etmək üşün səfər etmişdi.
Qeyd edək ki, İƏT-in toplantısı bu gün işini başa vurub.
APA-nın məlumatına görə, zirvənin sonunda Fələstinlə bağlı qətnamə, İslam Əməkdaşlıq Təşkilatının 2016-2025-ci illər üçün Fəaliyyət proqramı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edilib.
Bağlanış nitqi söyləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, şərqdən qərbə, cənubdan şimala bütün İslam aləmində çətinliklərin aşılması üçün vacib olan birlik, bərabərlik və həmrəylikdir.
“Önümüzdəki müddətdə bu anlayış və inamla çalışmalarımızı davam etdirəcəyik. Qarşıdakı 10 il üçün Fəaliyyət proqramı və Bəyannamənin qəbul edilməsi vacibdir və biz işimizi effektivləşdirməliyik.
Yekun Bəyannamədə əsas siyasi proseslər, iqtisadi, sosial mövzularda ortaq mövqe nümayiş etdirdik. Eyni zamanda, təşkilat üzvü olmayan ölkələrdəki müsəlman toplumlarla bağlı mövqeyimizi ortaya qoyduq”, - deyə Ərdoğan əlavə edib.