"İran Prezidenti Məsud Pezeşkianın aprel ayında Azərbaycana səfərindən sonra ölkələr arasındakı dostluq əlaqələrində yeni səhifə açılıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Televisiyasına müsahibəsində İranın ölkəmizdəki yeni səfiri Müctəba Dəmirçilu bildirib.
"İran Prezidentinin səfəri ölkə daxilindəki şəraitin çətin olduğu bir dövrdə baş tutdu. Pezeşkianın belə bir şəraitdə Azərbaycana olduqca geniş heyətlə gəlməsi onun rəsmi Bakı ilə münasibətlərə verdiyi önəmin təzahürüdür. Səfər zamanı iki dövlət başçısı arasında səmimi dialoq baş tutdu. Məhz bundan sonra biz görürük ki, İran-Azərbaycan müştərək layihələri, xüsusilə də iqtisadi sahədə mövcud işbirliyi daha da genişlənib və sürətlənib", - deyə diplomat qeyd edib.