Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Fəxriyyə Lilparın müəllifi olduğu verilişin növbəti buraxılışı efirə gedib.
“Ermənilərin İrəvanda öldürmək istədiyi sonuncu türk” adlı veriliş İrəvanda təqiblərə məruz qalan dəyərli alim, tarixçi İsrafil Məmmədovun həyatına və başına gələnlərə həsr olunub.
Bildirilib ki, ermənilər jurnalist, tarixçi alim kimi tarixin müxtəlif dövrlərində ermənilərin törətdiklərini, onların türklərə qarşı tarixi düşmənçiliyini tutarlı fakt və dəlillərlə dünya ictimaiyyətinə çatdıran İ.Məmmədovun azyaşlı uşaqları olan zaman evini partladıb, özünü didərgin salıb, hədə-qorxu gəliblər. O isə dəyəri 1000 kiloqramla ölçülən arxivinin Bakıya gətirilməsi üçün mübarizə aparıb, səy göstərib.
Diqqətə çatdırılıb ki, nasir, publisist, tərcüməçi, tarixçi və dövlət xadimi İsrafil Süleyman oğlu Məmmədov 1927-ci il noyabrın 8-də Zəngəzur qəzası, Meğri rayonunun Əmrəkar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1943-44-cü illərdə qonşu Vardanizor kəndində müəllimlik edib. 1944-48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948-1951-ci illərdə Ermənistan Lenin Kommunist Gənclər İttifaqının Meğri rayon komitəsinin birinci katibi seçilib. 1987-89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini, 1989–90-cı illərdə “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifələrini icra edib. 1971-ci ildən Ermənistan SSR əməkdar jurnalisti, 1972-ci ildə tarix elmlər namizədi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2012-ci il Azərbaycan Dövlət mükafatı laureatı olub. Bu ona sovetin kəskin qılıncı altında ermənilərin məkrli siyasətinin, onların qərəzli münasibətinin bədəlini ödəmək sayəsində baş tuta bilirdi. Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən tarixi mənbələri müxtəlif dillərdə tərcümə etməsi təbii ki, onlara xoş gəlmirdi. Anası Mərzə xanım, atası Süleyman kişi 1905 və 1918-ci illərdə qaçqın vəziyyətinə salınıblar. İranın Ücdibin kəndinə gedib çatan Süleyman kişi hətta İsrafildən böyük iki oğlunun qəbrini özü qazıb basdırmalı olub.
O zaman müəllim kimi fəaliyyət göstərən İsrafil ermənilərin fitnə-fəsadlarını yaxşı bilirdi. Rus, erməni dilini mükəmməl bildiyini və böyük zehniyyət sahibi olduğunu bilən, anlayan ermənilər, “sən çox yaxşı bilicisən, alimsən, lakin təəssüf ki, türksən” deyirdilər. Ermənistandan azərbaycanlıların qovulmasına başlanılanda İsrafil Məmmədov oğlunun məzarını belə düşünmür, arxivi üçün narahat olur və “mən arxivimi götürməmiş heç hara getməyəcəm” deyir. Və onun bu arxivi kitablar, sənədlər qarışıq 1 tona yaxın imiş. Bütün bunlar onun uzun müddət tədqiq etdiyi danılmaz faktlar idi. Rus və erməni dilində etdiyi tərcümələri onun ədəbi yaradıcılığını şaxələndirir. Sovet dövründə həqiqətləri yazmaq böyük cəsarət tələb edirdi.
O yazırdı ki, vaxtilə bu yerlər Oğuz türklərinin olub: “Burada ermənilər yaşamayıb, onlar bura sonradan gəliblər. Erməni aşıqlarının azərbaycanca oxumasını, hətta Sayat Novanın azərbaycanlı olmasını qeyd edirdi. “Səyyad onun adı, Nov isə kiçik bulaq anlamında onun təxəllüsüdür” deyirdi. Təbii ki, bu iddia və fakt o dövrün erməni mövqeyini dəstəkləmirdi. “Mənim vaxtım az, görəcəyim işlərsə çoxdur” deyən alim ömrünü sürəkli işləməyə həsr edir. Daşqarların yəni daş abidələrin tarixini tədqiq edirdi. İsrafil Məmmədov da tarix yaradan şəxsiyyətlərdən idi. Üstəlik, tarixi yaratmaqla qalmır, həm də onu yazırdı. “Sovet Ermənistanı” qəzetində baş redaktor işlədiyi 35 illik uzun dövr ərzində o Qərbi Azərbaycanda yaşayan vətəndaşlarımızın hüququnu müdafiə edir, onların sözçüsünə çevrilir, çox zaman Ermənistan rəsmiləri ilə təkbaşına mübarizə aparırdı. Azərbaycanlıların bu ölkədə qarşılaşdığı problemləri həll etməyə çalışmaqla yanaşı, erməni xəyanətlərini çəkinmədən qələmə alırdı. Ermənilər onun İrəvanda yaşadığı mənzili partladıblar. Xoşbəxtlikdən ailə həmin vaxt evdə olmadığından bu terror hadisəsindən sağ-salamat qurtulublar. Bütün bu yaşananlar təbii ki, İsrafil Məmmədovun səhhətində də ağır izlər buraxır. Bakıya sığındıqdan sonra dörd qaçqın ailəsi ilə bir mənzildə yaşayan alim dəfələrlə infarkt keçirır, görmə qabiliyyətinin 80%-ni itirir.
Özünün dediyinə görə, onun ürəyini param-parça edən yurd nisgili yaşaması onu rahat buraxmır. Doğma yurduna dönmədən həyatla vidalaşmaq istəməyən alim, nə yazıq ki, bu nisgilini də özüylə son mənzilə apardı. Onun erməni dilində minlərlə məqaləsi Azərbaycan radiosunda səsləndirilmişdi. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olan alimin bu əzmkar fəaliyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təqdirlə qarşılanıb. Prezidentin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikasının elm sahəsində ən yüksək Dövlət Mükafatına layiq görülüb. İrəvanı qədim türk şəhəri, oğuz məskəni, bənzərsiz mədəniyyət mərkəzi adlandıran İsrafil Məmmədov “qəribçilik taleyini diz çöküb pərvazına çıxmaq istədiyim şəhəri yaşadanlara ürəkdən pay olsaydı, əsirgəməzdim” deyir.
Sonda vurğulanıb ki, tarixçi alim, gözəl jurnalist, publisist yazar, böyük vətənpərvər olan İsrafil Məmmədov Qərbi Azərbaycan tarixini yazaraq özü də tarixə döndü.
Qeyd edək ki, veriliş dekabrın 3-də saat 19:30-da Baku TV-nin efirində və “YouTube” kanalında yayımlanıb.
Daha ətraflı süjetdə:
İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü - VİDEO