Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
"Azərbaycan Prezidenti İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq Xəbər Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə ifadə etdiyi fikirlər beynəlxalq ictimaiyyətə mesaj xarakterli idi".
Bunu Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, təqaüddə olan general-mayor Yücel Karauz Oxu.Az-a şərhində bəyan edib.
Onun sözlərinə görə, dövlət başçısı müsahibədə regional və milli məsələlərlə yanaşı, Türkiyə və Azərbaycan arasındakı mövcud hərbi əlaqələrlə bağlı mühüm açıqlamalar verib:
"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin müsahibədə Azərbaycan və Türkiyə arasındakı hərbi əlaqələrlə bağlı mühüm məqamlara diqqət çəkdi. Onlara nəzər salaq.
Müsahibədən bir gün sonra Ankarada ölkələrimiz arasında ildə bir dəfə keçirilən Yüksəksəviyyəli Hərbi Dialoq Toplantısı baş tutdu. Bu toplantılarda hərbi məsələlər, yəni hərbi kəşfiyyat, müdafiə sənayesi və təhsil-təlimlə bağlı məsələlər qiymətləndirilir, il ərzində görülən işlər nəzərə alınaraq, növbəti ilin planlaşdırılması aparılır, bu çərçivədə tələbə proqramları, keçiriləcək təlimlər və digər fəaliyyətlər koordinasiya edilir.
Müsahibəyə qayıtsaq, Prezidentin jurnalistin Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyacın olub-olmadığı ilə bağlı sualına verdiyi cavab çox əhəmiyyətlidir. Əslində, İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələrin və toxunduğu mövzuların, bu vasitə ilə çatdırdığı mesajların siyasət akademiyalarında, məktəblərdə dərs proqramlarına daxil edilməsinin vacibliyini görürük. Bu baxımdan, dövlət başçısının həmin müsahibədə regional və qlobal mənada hadisələrə baxış bucağını ifadə etməsi Azərbaycanın milli maraqları, beynəlxalq hüquq və ədalət məsələsində qətiyyətli mövqeyini göstərir".
General-mayor Türkiyə hərbi bazası məsələsi ilə bağlı İlham Əliyevin verdiyi cavabın qısa və aydın olduğunu diqqətə çatdırıb:
"Cənab Prezident ikitərəfli hərbi əlaqələrin Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən dərhal sonra başladığını qeyd edərək, 30 illik tarixə malik olduğunu, çox geniş sahələri əhatə etdiyini bildirib. Dövlət başçısı Rusiya ilə imzalanan Müttəfiqlik Fəaliyyətləri Haqqında Bəyannamədən bir il əvvəl Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalandığını, buna görə təhlükə və ya hücum zamanı qarşılıqlı yardım, dəstəklə bağlı öhdəlik götürdüyünü xüsusilə vurğulayıb.
Bununla yanaşı, İlham Əliyev, hazırkı geosiyasi vəziyyətin Birinci və İkinci Dünya müharibələri dövründəki şərtlərdən fərqli olduğunu söyləyib. Yəni indi bir ölkənin digər ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb. Şuşa Bəyannaməsindəki bu məqam tarixi, siyasi, hərbi və hüquqi kontekstdə bazadan minqat daha dəyərli və mənalıdır. Cənab Prezident Azərbaycan Ordusunun inkişafına göstərdiyi töhfəyə görə Türkiyə dövlətinə təşəkkür edib.
Nəticə olaraq, Türkiyə və Azərbaycan əlaqələrinin sarsılmaz olduğunu qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri 1918, 1992 və 2020-ci ildə necə idisə, sonsuzadək də elə davam edəcək".
Söhrab İsmayıl