Rüstəm bəy açıqlamalarının birində demişdi ki, özünün namizədliyi qeydə alınmayacağı təqdirdə başqa bir namizədi, hətta İsa Qəmbəri də dəstəkləyə bilər. Görünür onun bu mövqeyi kimlərisə həyəcanlandırdı.
Oxu.Az xəbər verir ki, bu fikirləri Müsavat partiyasının sədri İsa Qəmbər “Azadlıq” radiosunun “İşdən sonra” proqramında səsləndirib.
Müsavat başqanı açıqlamasında prezidentliyə namizədliyinin hələ də qüvvədə olduğunu deyib. İsa Qəmbərin fikrincə, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa belə, Milli Şura seçkidən kənarda qalmamalıdır.
“Hakimiyyət Milli Şuranın vahid namizədini qeydə almaya bilər. Ona görə müxalifət bütün variantlara hazırlıqlı olmalıdır. Müsavat Partiyası məni bu ilin yanvar ayında prezidentliyə namizəd irəli sürüb. Bildirmişik ki, bu qərar qüvvədə qalır.
Mən Milli Şuranın elə qərar verməsinin tərəfdarıyam ki, heç bir halda Milli Şura seçkidən kənarda qalmasın. Müsavat Partiyası tərəfindən irəli sürülən namizədliyim hələ qüvvədədir. Ciddi müzakirələrə ehtiyac var. Biz ancaq Müsavatın qərarını xatırlatdıq. Təbii ki, nəinki Rüstəm müəllim, eləcə də mənim də namizədliyimi qeydə almaya bilərlər” - deyə Müsavat başqanı bəyan edib.