Rusiyanın Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Soçidə baş tutacaq görüşü ərəfəsində, məhz Rusiyanın diplomatik potensialının Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə yardım edəcəyi barədə danışıb.
Bu barədə Oxu.Az “Vestnik Kafqaza”-a istinadən xəbər verib.
“Çıxış yolu bir dənədir – dövlət rəhbərinin mövqeyi. O nə qərar qəbul etsə elə də olacaq. Həm Kiyev, həm Bakı, həm də Yerevan üçün. Biz bütün ssenariləri, variantları müzakirə edə bilərik, amma müharibə və xarici siyasət məsələləri yalnız bir adamın əlindədir - bizim dövlət başçımızın. Biz müharibənin əleyhinəyik. Biz azərbaycanlıların və ya ermənilərin ölməyini istəmirik. Amma müharibəsiz sülh mümkün deyil. İkinci dünya müharibəsindən sonra bütün ölkələr qan içindədir – baxın, Azərbaycan, Gürcüstan və Ermənistan. Buyurun Ukrayna və Dnesteryanı. Bu, çox pisdir” , - Vladimir Jirinovski deyib.
Onun sözlərinə görə sülhün və Yer üzərində qayda-qanunun bərqərar olmasının açarları Kremldə, Rusiya dövlət başçısının kabinetindədir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü 8-9 avqust tarixində Soçidə keçiriləcək. Görüşdə Rusiya dövlət başçısı Vladimir Putin iştirak edəcək.