"Mediada dezinformasiyanın qarşısını almaq üçün dəqiq mexanizmlər olmalıdır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov IV Şuşa Qlobal Media Forumunda deyib.
Onun sözlərinə görə, Şuşa forumu kimi platformalar çərçivəsində ictimai rəyin manipulyasiya edilməsinin qarşısını almaq üçün ümumi həll yolları tapmalıdır:
"Çünki informasiya sahəsindəki qarşılıqlı əlaqələr göstərir ki, dezinformasiya ilə təkbaşına mübarizə aparmaq qeyri-mümkündür. Burada birgə səylər lazımdır. Bu cür strateji platformalarda, çoxtərəfli münasibətlər səviyyəsində buna nail ola bilərik".
O deyib ki, feyk informasiya və dezinformasiyanın yayılması məsələsi hər zaman olub:
"Təəssüf ki, gələcəkdə də olacaq. Həm dövlət, həm media subyektləri olaraq mütəmadi şəkildə vətəndaş cəmiyyəti və təhsil müəssisələri ilə birlikdə vətəndaşlara informasiyanı tənqidi qiymətləndirməyə və feykləri ayırd etməyə kömək edən müxtəlif proqramları inkişaf etdirməliyik. Yeganə yolumuz tətbiq olunacaq aydın alqoritmlər və mexanizmlər hazırlamaqdır".