Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu çərçivəsində "Şəhərsalmanın inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən paneldə "Qadınların liderliyi davamlı şəhərsalma planlamasını necə istiqamətləndirə bilər?", "Sağlam və iqlimə davamlı şəhərlərin qurulmasında qadınların rolu nədir?" kimi mövzularda müzakirə aparılıb.
Müzakirələrdə Pakistanın Qadınların Statusu üzrə Milli Komissiyasının (NCSW) sədri Ume Laila Azhar, Tacikistan Qadın və Ailə Məsələləri Komitəsinin sədr müavini Çamanoro Odinazoda, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, Türkmənistan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Maral Yayliyeva, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nəsar Hayat və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı iştirak ediblər.
Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov çıxışında şəhərsalmanın inkişafı fonunda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) tərəfindən yeni platformanın yaradılmasının mümkünlüyünü dilə gətirib.
O qeyd edib ki, bununla bağlı Qərb regionunda bir sıra digər formatlar da var:
"Şəhərsalmanın inkişafında qadınların rolu çox vacibdir. Ötən il COP29 tədbiri çərçivəsində bu mövzuda Azərbaycan mühüm təşəbbüslə çıxış etdi. Məsələ çoxsektorlu bir fəaliyyət planında əksini tapdı. 200-ə yaxın tərəf bu bəyanatı təsdiq etdi. 54 ölkə bu bəyanata qoşuldu. O cümlədən, 100 şəhəri əhatə edən bir bəyanat hazırlandı".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva bildirib ki, 2040-cı ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq:
"Buna görə də yeni çağırışlara cavab verməliyik. Azərbaycan digər sektorlarda olduğu kimi, şəhərsalma sahəsində də fəal işlər görür. Əsas məsələ odur ki, biz sual etməliyik, şəhərlər yeni çağırışları qarşılaya biləcəkmi? Həmçinin, qeyd etmək lazımdır ki, şəhərdə xidmətlərə çıxış baxımından kişilər və qadınlar arasında fərq olur. Qadınların xidmətlərə çıxışı bizim və beynəlxalq təşkilatların diqqətindədir".
G.Rzayeva əlavə edib ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, şəhərlərin inklüzivliyinin yüksək olmasına səy göstərilir:
"İctimai yerlərdə "yaşıl mühit"in yaradılması da vacibdir. Azərbaycan hökuməti işğaldan azad olmuş 8 şəhərin baş planını hazırlayıb. İnklüzivlik vacib meyar kimi götürülüb".
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nəsar Hayat isə qeyd edib ki, dünya əhalisinin 56%-i şəhər zonalarında yaşayır:
"Lakin onların çox böyük bir hissəsi istehlakçıdır. Ona görə də atmosferə karbon atıqlarının azaldılmasında məhz həmin istehlakçılar böyük rol oynaya bilərlər. Biz dayanıqlı şəhərlər haqqında danışırıqsa, mütləq olaraq kənd təsərrüfatının inkişafını nəzərdən keçirməliyik".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı qadınların iqlim dəyişikliklərinə daha çox əziyyət çəkdiyini qeyd edib. O bildirib ki, qadınların bu sahədə aktivliyinə sərmayə yatırılmalıdır:
"Onlar şəhərlərin idarəçiliyində təmsil olunmalıdırlar. Həmçinin, qadınların səsi dinlənilməli və hörmətlə yanaşılmalıdır. Ümid edirəm ki, Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşulacaq. Xüsusən, Qarabağda bu barədə təcrübəmizi bölüşməyə hazırıq. Elə şəhər qurmalıyıq ki, onlar təhlükəsiz olsun".
Tədbirin moderatoru Elmar Məmmədov isə Hande Harmancıya cavabında deyib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı ilə sözügedən istiqamətdə danışıqlar aparılır.
Panel sessiya müzakirə və sual-cavabla davam edib.







Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu çərçivəsində "İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların rolu" mövzusunda panel sessiya keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə baş tutan sessiyada Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Qazaxıstan parlamentinin Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyasının üzvü Juldız Süleymenova, Azərbaycan Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, ECO-nun Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi, BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin əməkdaşı, tərəfdaşlıq və resursların səfərbərliyi üzrə mütəxəssis Mihaela İonesku və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin baş layihə mütəxəssisi Fərəc Hüseynbəyov iştirak ediblər.
Paneldə çıxış edən Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov vurğulayıb ki, Azərbaycanda 1.6 milyon şagird var və onların 62 faizi qızlardır:
"Peşə təhsilində qızların iştirakı 36 faizdir. Elm və Təhsil Nazirliyi bunu 40 faizə çatdırmağı hədəfləyir".
Sədr deyib ki, qadınların təhsilə cəlb edilməsində əsas məsələ maliyyə problemidir:
"Yəni, ailələr maliyyə imkanlarını daha çox oğlan övladlarina yönəldiblər. Buna görə Azərbaycanda Təhsil Kredit Fondu yaradıldı. Azərbaycanda 2023-24 akademik ilində Təhsil Tələbə Kredit Fondundan kredit alanların 57%-i qız (26 min 665 tələbə) olub".
Qazaxıstan parlamentinin Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyasının üzvü Juldız Süleymenova vurğulayıb ki, Qazaxıstan təhsil sahəsində gender bərabərliyinə nail olub:
"50 faizi gənc qadın bakalavr, 63 faiz qadın isə magistr dərəcəsinə alıb. Biz mütəxəssislərimizi gələcək istiqamətində formalaşdırırıq. Beynəlxalq universitetlərlə əməkdaşlıq edirik, mütəxəssisləri formalaşdırırıq. Təhsilimiz müasir texnologiyalara əsaslanır. Gənc qızların kollektiv əməkdə iştirakı üçün addımlar atılır. Qadın sahibkarlığı ilə Milli Proqram qəbul etmişik və həyata keçiririk".
Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin baş layihə mütəxəssisi Fərəc Hüseynbəyov diqqətə çatdırıb ki, Asiya İnkişaf Bankı Asiya və Sakit okean regionunda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi istiqamətində işləyir:
"Eyni zamanda inklüziv inkişaf məsələləri ilə məşğul olur. Xüsusilə qadınların təhsilinə dəstək üçün çalışırıq. Onlara bacarıqların inkişaf etdirilməsi, rəqəmsal biliklər, texniki və peşə bacarıqları üzrə təlim kursları təşkil edirik. Məqsədimiz keyfiyyətli iş yerlərinin yaradılmasıdır, həmçinin qadınlar üçün qeyri-ənənəvi olan peşələrə cəlb olunma imkanlarının yaradılmasıdır".
O qeyd edib ki, yaşıl iqtisadiyyata keçid böyük imkanlar açır:
"Lakin biz çalışmalıyıq ki, qadınlar hər zaman diqqət mərkəzində olsun. Asiya İnkişaf Bankı yaşıl bacarıqların qadınlar arasında təşviq olunması məqsədilə milli yaşıl inkişaf strategiyaları və proqramların hazırlanması sahəsində öz dəstəyini verir.
Biz qadınların əmək bazarında müvafiq yerə sahib olmasına da dəstək veririk. Asiya İnkişaf Bankı gender bərabərliyinə vəsaitlərin 60 faizini yönəldir".
Müzakirələr digər istiqamətlərdə çıxışlarla davam etdirilib.







Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə "İƏT Həftəsi" çərçivəsində baş tutur.
Bildirilib ki, forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir.
Tədbirdə iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq.
Məlumata görə, forum İƏT regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynayacaq.