Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı danışıqların bərpasına və konstruktiv qərarlar axtarılmasına köklənib.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu fikirləri Bakıda jurnalistlərə açıqlamasında dünən Azərbaycan prezidenti ilə görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Dünən Azərbaycan prezidenti İlham Əliyevlə ətraflı və davamlı söhbətimiz oldu. Danışıqları bərpa etmək, konstruktiv həllər axtarmaq üçün onun səmimi əhvalını hiss etdik”, - S.Lavrov bildirib.
“Biz Azərbaycan və Ermənistanla yaxın tərəfdaş, eləcə də, ABŞ və Fransa ilə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi çalışacağıq ki, kompromisin əldə edilməsi üçün lazımi şərait yaransın”, - rusiyalı nazir əlavə edib.
O, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda MDB dövlət başçılarının iclası çərçivəsində, eləcə də, hər iki ölkə nazirlərinin Milanda ATƏT-in xarici işlər nazirlərinin toplantısı zamanı görüşdüyünü xatırlayıb.
“Aydındır ki, bütün bunlar Ermənistanda dekabrın 9-da baş tutan parlament seçkiləri ərəfəsində keçirilib. Ermənistan hökuməti qurulduqdan sonra düşünürəm ki, erməni tərəfi azərbaycanlı həmkarları və həmsədrlərlə danışıqlar prosesini bərpa etməyə hazır olacaqlar”, - Rusiya XİN rəhbəri əlavə edib.
Oxu.Az yeniləndi!