Son günlər mediada Azərbaycanla İran arasındakı münasibətlərin gərginliyi ilə bağlı bir çox analitik hesablamalar ortaya çıxıb. Bu cür informasiyalar üçün səbəb çoxdur. Azərbaycana qarşı İranın hətta din xadimləri belə təhdidlər səsləndirib.
Belə bir məlumat var idi ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) hərbi texnikanı Azərbaycanla sərhəd bölgəsinə yığıb, çünki iranlıların guya Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin iştirak etdiyi “Üç qardaş” təlimlərindən xoşları gəlməyib.
Tehran həm də İran-Ermənistan dövlətlərarası yolun Azərbaycan ərazisindən keçən hissəsinə Bakının nəzarəti ələ keçirməsindən də narazıdır. Bunu İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə açıq şəkildə deyib. İranlı diplomat İranı Ermənistanla birləşdirən infrastrukturun istifadəsi ətrafında yaranan problemlərdən narahatlığını ifadə edib.
İranla Azərbaycan arasında yaranan gərginliyi israilli analitik, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Birliyinin rəhbəri Lev Spivak Oxu.Az üçün şərh edib:
- Ermənistanla Azərbaycan arasındakı münaqişədə İranın İrəvanın tərəfində olması çoxdan sirr deyil, baxmayaraq ki, Bakı ilə yaxşı, dostluq münasibətlərində görünür.
Burada qeyd edilməlidir ki, Türkiyə (Azərbaycanın müttəfiqi) və İran tarixən çox da dost münasibətlərdə olmayıb. Xüsusən prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti sayəsində Türkiyənin güclənməsindən sonra İran-Türkiyə qarşıdurması gücləndi. Söhbət ərəb dünyasına rəqabət təsirindən gedir. Bu, Azərbaycanla Türkiyə arasında yaxınlaşmanın başqa bir səbəbidir.
Ancaq indi mümkün ordu birləşməsindən danışa bilərik. Birgə təlimlər keçirilir, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri Türkiyədə təlim alır. İndi də Pakistan faktoru əlavə olundu. Bütün bunlar İranı çox narahat edir.
Digər tərəfdən, İran İslam Respublikasının bir çox daxili problemləri var. Getdikcə daha çox narazı tələbələr var, qadın hüquqları uğrunda hərəkat yaranıb və iqtisadi problemlər daha da ağırlaşıb.
Bəli, İran iqtisadi blokadanın öhdəsindən gəlir, ölkə tab gətirdi, amma iqtisadiyyata ciddi zərbə vuruldu. Bu xüsusilə də azərbaycanlıların yaşadığı İranın şimal bölgələrinin timsalında aydın görünür.
Bundan əlavə, İsrailin İran ərazisində aksiyalar keçirdiyi heç kimə sirr deyil. Bu, nüvə stansiyasında təxribat, bizdə deyildiyi kimi “sənədlər olan təyyarənin qaçırılması”dır. Bütün bunlar İran müxalifətinin köməyi ilə edildi. İranda hətta İsrailin bayraqları asılır, əvvəllər belə bir şey heç xəyala da gəlməzdi.
Yaranan daxili problemləri və qeyri-sabitliyi nəzərə alaraq Tehran yeni ortaq xarici düşmən tapmağa çalışır. Hazırda buna “ideal namizəd” Azərbaycandır. İran Ermənistana yardımını gücləndirə, ölkədəki azərbaycanlıları daha da sıxışdırmağa başlaya bilər. Bu, bir çox daxili problemi həll edir.
Xarici konturda isə İran bununla ərəb dünyasına “əzələ oyunu” göstərəcək, yəni “biz güclüyük, hələ nəsə edə bilərik”. Mən əsasən İranın pulu ilə dəstəklənən Suriya, Livan, Qəzza zolağı kimi ərəb ölkələri və ərazilərindən danışıram.
- Bu yaxınlarda İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Azərbaycana səfər etdi və İranın Azərbaycanla yaxşı ikitərəfli əlaqələrinin olduğunu bildirdi...
- O başqa nə deməlidir ki?.. Bu, yüksək rütbəli bir diplomat üçün tamamilə təbii bir ifadədir. Gözəl sözlər danışmaq onun işidir. Təsəvvür edin: sizə nifrət edən, həmişə suya basan qonşunuz gəlib, amma bu gün duza ehtiyacı var və sizdən bunu istəyir. Bu, iranlı diplomatın sözlərini izah edir.
- Vəziyyət İsrail tərəfdən necə görünür? İranla Azərbaycan arasında vəziyyət gərginləşsə, İsrail müdaxilə edə bilərmi?
- Şübhəsiz ki! İsrailin müdafiə naziri Beni Qants Azərbaycanın adını çəkməsə də, açıq şəkildə bildirdi ki, Tehran indiki siyasətini davam etdirərsə, İsrail İranla müharibəyə başlayacaq.
Nair Əliyev