Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məmmədyarov Qarabağ münaqişəsində əsas maneədən danışdı
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həlli prosesi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparılıb.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq sənədləri əsasında həll edilməli olduğunu qeyd edən nazir işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdlərinin Ermənistanın da 1993 ildə qoşulduğu 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olduğunu xüsusilə vurğulayıb.
Rudolf Miçalka ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi ilk dəfə regiona səfər etdiyini bildirərək ətraflı məlumata görə təşəkkürünü ifadə edib.